Qurban Qurbanov: “Hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”ə (Polşa) qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandamdan razı qaldım. Klubda hər şey qaydasındadır. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Çatışmayan cəhətlərimiz ola bilər. Lakin oyundan razı qaldım. Səfərdə olmağımıza rəğmən, çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab matçında çox dəyişiklik etmək fikrimiz yoxdur. Gerçəkləşdirmək istədiklərimizi daha yaxşı etməliyik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq.

Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim. “Lex” bizdən üstün oynamadı.

Məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada “Lex”in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur”.

Qurban Qurbanov növbəti mərhələ üçün komandaların şanslarının bərabər olduğunu sözlərinə əlavə edib: “Hələ matçdan əvvəl demişdim ki, bu cütün favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Bu gün məğlub ola bilərik. Amma qarşıda hələ cavab oyunu da var. Hər şey ola bilər”.

Mütəxəssis Toral Bayramov və Abbas Hüseynovun əsas heyətdəki yerlərini itirmələrinə də toxunub: “Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə güvənirik, əsas oyunçularımızdır. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir”.

“Qarabağ”ın baş məşqçisi son olaraq “Rəqibdən belə oyun gözləyirdinizmi” sualını cavablandırıb: “Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq”.

“Oyunçular və azarkeşlər üçün əla şou oldu”

“Lex”in baş məşqçisi Con van den Brom isə komandasının qələbəsini belə şərh edib:

“Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük. Artıq cavab qarşılaşması üzərində işləyirik. Həm görüşdən əvvəl, həm də matç zamanı həyəcanlı idim. Oyunçular və azarkeşlər üçün əla şou oldu. Oyun ərzində müdafiə olunduq. Bu, Çempionlar Liqasıdır və buranın fərqli qaydaları var. İlk hissədə top daha çox rəqibdə oldu və onlara müqavimət göstərməyə çalışdıq. Hər kəs meydanda qalib gəlmək istəyirdi”.

Xəbəri sosial şəbəkələrdə paylaş: