Qurban Qurbanov: “Helsinkidə daha diqqətli, aktiv olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunun şərh edib.

Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib qələbə qazandıq. Bundan daha vacibi az oynayan futbolçuların idman formasını yaxşılaşdırmaq idi. Tapşırıqları layiqincə yerinə yetirdilər. Rotasiyalar olsa da, komandada dinamika və sürət yaxşı görünürdü. “Turan Tovuz”un özünəməxsus oyun dəst-xətti var, başqa sistemdə oynayırlar və bunu da yaxşı icra edirlər, uduzmağı xoşlamırlar, sona qədər mübarizə aparırlar. İlk hissədə top itkilərimiz çox idi. Amma ikinci hissə daha yaxşı çıxış etdik.

Çox isti idi, futbolçular əziyyət çəkdi. Bəlkə biz də matçın vaxtını dəyişməklə bağlı PFL-ə müraciət etsəydik, yox deməzdilər. Sadəcə digər oyunun təxirə salındığı iki günün içərisində bilindi. Ola bilər ki, heç birimizin ağlına gəlmədi, bu barədə düşünmədik”.

Baş məşqçi transfer planlarından da söz açıb: “Bir neçə oyunçu var ki, danışıqlar gedir. Mövqeyə gəlincə, istənilən yer olması mümkündür. “Kolo-Kolo”nun vingeri? Çox oyunçu ilə maraqlanmışıq. Ola bilər ki, transfer siyahımızda onun da adı var. Amma dəqiq məlumat verə bilmərəm”.

Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki ilk oyunda 2:1 hesabıyla məğlub etdikləri Finlandiyanın HJK komandası ilə cavab görüşündən də söz açıb:

“HJK yaxşı komandadır. Həmişə demişəm ki, bir komandanın, məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yetirirlərsə, deməli, onlar stabildir. Finlandiya klubu da onların içərisindədir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. Bakıdakı oyunda rəqibi daha yaxından tanıdıq. Bizi xeyli yordular. İlk matçda bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki oyunda bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla Finlandiyada daha çox güc sərf edəcəyik. Çünki bu komanda çempionatın ortasındadır. İdman formaları yerindədir. Maksimum hücumda oynamağa çalışacağıq. Yaxşı hazırlaşacağıq. Ola bilsin ki, HJK sürpriz etsin, riskə getsin. Maraqlı görüş olacaq”.

“Qarabağ”la oyunda edilən səhvlər baha başa gəlir”

“Turan Tovuz”un baş məşçqisi Ayxan Abbasov isə son çempiona məğlubiyyətlə bağlı bunları söyləyib:

“Qarabağ” Premyer Liqanın ilk oyununda uduzmuşdu. Onların son zamanlar ardıcıl iki oyunda uduzması heç yadıma gəlmir. Bu gün aqressiv olacaqlarını düşünürdük. Heyətlərində də gözlədiyimiz dəyişikliklər edilmişdi. Baxmayaraq ki, onları üç gün sonra çətin oyun gözləyir. İlk yarıda temp yüksək idi, epizodlarımız da var idi. Təsəssüf ki, ilk yarıda ucuz səhvə yol verdik. “Qarabağ”la oyunda edilən səhvlər baha başa gəlir. İkinci yarıda hesab bizi irəlidə oynamağa məcbur edirdi. Ancaq top itkisindən sonra rəqibin hücumunun qarşısını ala bilmədik. Fərdi ustalıq öz sözünü dedi. “Qarabağ”ı təbrik edirəm.

Hələ yolun başlanğıcındayıq, oyunlar qarşıdadır. Qarşıdakı oyunlara hazırlaşacağıq. Yeni oyunçular uyğunlaşdıqdan sonra daha yaxşı olacağıq. Artırmalıyıq. Premyer Liqada ikinci ilimizdir. Daha yaxşı olmaq, inkişaf etmək istəyirik. Rəqiblərlə başabaş futbol oynamaq niyyətindəyik.

Daha bir futbolçu almaq istəyirik. Qarşıdakı günlərdə rəhbərliklə danışacağıq. Axtarışlarımız davam edir. İstədiyimiz olsa, cəlb edə bilərik. Bəzi mövqelər var ki, rəqabətin olmasından yanayıq. Bu, həm müdafiə, həm də orta xətlə bağlıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: