“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 11-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox da istəkli idilər. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıblar. Nəticələri boşuna deyil. Futbolçularımın oyuna ilk dəqiqələrdən yanaşmasından narazı qaldım. Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Belə oyunlar, nəticələr bu arada gözləniləndir. Komanda bir az oyun ritmindən düşüb. Qarşıdakı oyunlara hazırlaşacağıq. Növbəti matçlarda bu səhvləri aradan qaldırmağa çalışacağıq.
Buraxdığımız hər iki qol texniki səhvin nəticəsi idi. Qol olmayası yerdən vurdular. İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Marko Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək, dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qolları dəfələrlə görmüşük. Hakimlər diqqətli olmalıdır. Amma məğlub oluruqsa, səbəbini özümüzdə axtarmalıyıq. Bəzən rotasiyalar özünü doğrultmur. Futbolun qanunlarıdır. Böyük klublar da məğlub olurlar”.
Qurban Qurbanov “Qarabağ”ın ev oyunlarını Xankəndi şəhərində keçirməsinin nə dərəcədə mümkün olduğuna dair suala da cavab verib:
“Qarabağ”ın Xankəndidə oyunlar keçirməsi mənə aid olmayan məsələdir. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Belə qərar verilsə, biz orada oynamağa hazırıq.
Azər Bağırov: “Cücəni payızda sayarlar”
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov da oyundan sonra fikirlərini bölüşüb:
“Qarabağ” böyük komandadır. Onlara qarşı oynamaq zövq verir. İlk oyunda da, bu gün də “Qarabağ” bizdən qat-qat üstün idi. Amma şans bizim tərəfimizdə idi. Lazımi vaxtda qolları vura bildik və üstünlüyü ələ aldıq. Rəqibin Avropa Liqasındakı oyundan sonra yorğun olması da bizim xeyrimizə işlədi. “Qarabağ” çox qaça bilmədi. Bu komandaya qalib gəlməklə böyük bir şey etməmişik. Şans biz tərəfdə idi. Səbrli müdafiə olunduq. Rəqib qol vursaydı, tam fərqli şey ola bilərdi.
Komandanı oyundan oyuna kökləyirik. Heyətimiz o qədər də geniş deyil. Bu gün avrokuboklara vəsiqə qazanmaq haqda nəsə demək çox çətindir. Çalışırıq hər oyunda nələrisə yaxşı edək. Cücəni payızda sayarlar. Biz işimizi görəcəyik. Bacardıqca yuxarı pillələrdə olmaq istəyirik. Gündəlik işimizi görməliyik. Düzgün iş gördükcə nəticə də gələcək”.
Azər Bağırov uğur hekayəsindən də söz açıb: “2010-cu ildə “Neftçi”də seleksiyaçı məşqçi kimi çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. Qismətdən elə olub ki, Premyer Liqaya dəvət almamışam. Bəlkə də çoxlarından çox çalışmışam. Komandalarım Birinci Liqada çempion olub. U-11 Liqasında belə işləmişəm. Qismət bu günə imiş. Öz bacarığımı göstərməyə bilməzdim”.


