Qurban Qurbanov: “Nəticə bəzi planlarımızı pozdu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Turan Tovuz”u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi itirmişdi. Bunu hiss etdim. 2 qol vursaq da, bu, qələbə üçün bəs etmədi. 3-cü qolu vurmaq lazım idi. Son vaxtlar çempionatda nadir hallarda 2 top buraxırıq. “Turan Tovuz” standart vəziyyətlərdə təhlükəlidir. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. Hər iki komanda layiq olduğunu qazandı. Buraxdığımız ikinci qolda diqqətsizlik oldu.

Milli fasilə ərəfəsində yorğunluq çox idi. İtkilərimiz də var. Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq. Patrik Andradedən narahat idim. Onu heç meydana buraxmadım. Nəticə bəzi planlarımızı həyata keçirməyə imkan vermədi. Rahil Məmmədov millidə iki oyunda 90 dəqiqə oynayıb. Maksim Medvedev və Kevin Medinanın da ritmə düşməyinə ehtiyac var. Matias Silvadan narazı deyildim. Sadəcə, bir-iki epizod var idi ki, diqqətli olmalı idi. Əvəzetmə limitlə bağlı idi”.

Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın “Bayer” komandasına qarşı keçirəcəkləri oyuna da toxunub:

“Bayer” ciddi rəqibdir. Tək çıxış etdiyi çempionata görə yox, həm də oyununa görə. İstərdim ki, bütün futbolçular hazır olsun. Amma heyətimiz optimal deyil. Bəzi şeylər haqda daha çox düşünməyə çalışacağam”.

“Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə heç-heçəni belə şərh edib:

“Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Bu gün hər şey möhtəşəm idi. “Qarabağ”ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci hissəyə çox yaxşı başladıq. Təmiz qolumuzu saymadılar. Uduza da bilərdik. Futbolçularıma təşəkkür edirəm. Son 5 dəqiqədə irəli atılıb qol vurdular. Bütün oyunlarda bunu istəyirik. “Qarabağ”la ilk oyunda da müdafiəyə oturmamışdıq. Əlbəttə, məğlubiyyətlər də olacaq. Komanda belə olur. Bir oyun sistemini qurmaq üçün vaxt lazımdır. Oyundan-oyuna fərq var. Bu gün qələbə qazanmaq istəyirdik. Amma bu 1 xal da bizim üçün önəmlidir. “Neftçi”, “Zirə” ilə də heç-heçə etsəydik, indi yuxarı pillələrdə ola bilərdik”.

Ayxan Abbasov komandasının vurduğu qollardan birinin sayılmamasına da münasibət bildirib: “Top göydə olanda hakim fiti çalır. Axı VAR sistemi var. Mübahisəli epizodu buraxıb sonra VAR-da incələmək lazımdır. Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb. Faiq Hacıyev Kevin Medinaya toxunmamışdı. VAR-da dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb. Tək bu oyun deyil. “Sumqayıt”la matçda da penaltimizi verməmişdilər”

Xəbəri sosial şəbəkələrdə paylaş: