Qurban Qurbanov: “Qarabağ”dan getməyi düşünmürəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Hakken”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İsveç təmsilçisi ilə Bakıda baş tutan oyun Azərbaycan çempionunun 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Matçdan sonra təşkil olunmuş mətbuat konfransında Ağdam təmsilçisinin çalışdırıcısı bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm, onlara təşəkkürümü bildirirəm. Azarkeşlərimizi təbrik edirəm. Neçə illərdir, belə şanslar olurdu, istifadə edə bilmirdik. Şükür Allaha, bu gün hər şey gözəl sonluqla bitdi. Uzun illər gözlənilən uğur, nəticə əldə edildi. Hansı ki, bunu təkcə biz yox, xalqımız gözləyirdi. Onlara görə çox sevinirəm. Belə uğura imza atmaq həm futbolumuza böyük təkan olacaq, həm də futbolçularımıza böyük inam verəcək. Böyük komandaların Bakıya gəlməsi, belə turnirlərdə nəticə üçün oynamaq ancaq Azərbaycan futboluna fayda verə bilər. Buna görə şadam.

Bəzən bizim kimi komandalar üçün belə şanslar çox nadir hallarda olur. O şansı itirəndə, komandaya, rəhbərliyə, kollektivə təsir edir. Bir də gözləyirsən ki, nə vaxt belə şans olacaq? İllər boyu nəticəni gözləyəndə, əziyyətin yerdə qalmayanda, bu uğur daha davamlı ola bilər.

Tənqidlər həmişə olub. Tənqidsiz ilimiz olmayıb. Normaldır. Azarkeş, media, hətta bəlkə rəhbərlik də tənqid edər. Amma bəzən hər ana real baxmaq lazımdır. Bu mövsüm çətinlik və çatışmazlıqlardan biz də narahat idik. Birdən-birə əsas oyunçuların komandadan getməsi, bəzi oyunçuların idman formasının aşağı olması… Bu, onlardan asılı deyildi. “Rakuv”a uduzsaq belə, oyun baxımından ciddi problemlərimiz olmadı. Sadəcə, keyfiyyət çatışmırdı. Bu da sağlam futbolçuların çox olmaması ilə bağlı idi. Komandama güvənirdim. Çünki elə oyunçuların daha yaxşı səviyyəyə çatması üçün zaman lazım idi.

Kimsə tənqid edəndə əsəbiləşirik, narazılıq edirik. İnsanıq. Amma inanın ki, heç kimdən incimirəm. Azərbaycanlılarımdan incimərəm. Hamınızı çox istəyirəm. Tənqidin o an təsiri ola bilər, amma sizi başa düşə-düşə daha da məsuliyyətli çalışmağa, keyfiyyətli işləməyə başlayırıq. Bəlkə də sizə, azarkeşlərə qarşı olan fikirlərimizdir ki, Allah bizə belə zəfər qismət etdi. Çətinliklər olmasa, işləməyə, yaşamağa nə var ki?”

“Qarabağ”a çox bağlıyam”

Qurbanov pley-offdakı potensial rəqiblərdən də söz açıb: “Hər biri Çempionlar Liqasında oynamış komandalardır. Hətta aralarında ÇL-in qalibi olmağı hədəfləyənlər də vardı. Hamısı ciddi rəqibdir. Rəqib kim olsa, həmin matçlara çox ciddi hazırlaşacağıq ki, layiqli oynayaq.

Pley-offda təcrübə böyük rol oynayacaq. Bu gün futbolçularımın təcrübəsi az deyil. “Bayer”lə oyun bizə futbolda çox şey verdi. O səviyyədə olan komandaların gücünü hiss etdik. Rəqibi daha çox analiz edəcəyik. Yanvarda çempionatımız başlayacaq. Ola bilər ki, hazırlığımızda da bəzi dəyişikliklər edək ki, o vaxta pik nöqtəyə çıxaq. Rəqibdən çox şey asılıdır. Elə olur ki, nə qədər hazır olsaq da, rəqib bizi üstələyir. Az təcrübə toplamamışıq. Bu il bəzi oyunlarımız oldu ki, daha böyük matçlarda oynamaq üçün fürsət əldə etdik”.

Qurbanov komandasının hər belə uğurundan sonra bəzi aparıcı futbolçularının digər klublara keçidinə də münasibət bildirib: “Bəli, belə uğurlar olanda, oyunçulara təkliflər olur. Böyük oyunlarda futbolçunun potensialını daha düzgün görə bilirlər. Bəzi oyunçularımızla maraqlananlar var. Biz daim istəmişik ki, oyunçularımızı qoruyub-saxlayaq. Amma bəzən bizdən asılı olmayan səbəblər olur, “yox” deyə bilmirik. Gedənlərdən sonra kollektivdə oyunçu azaldı. Amma klub olaraq biz başqa sahədə udduq. Avropa bazarına çıxdıq. “Qarabağ”la daha fərqli maraqlanmağa başladılar. Tək nəticələrə görə yox, klub olaraq, oyunçuların burada potensialının yaxşılaşması yönündə. Bəzən oyunçular gəlir, burada potensialını açırlar. Bu bazara çıxdıq. Amma bu gün də maraqlı, böyük təklif olsa, biz buna baxarıq. Digər tərəfdən, bu futbolçular bu uğuru haqq ediblərsə, istəyərik ki, sona qədər bizimlə olsunlar. Minimum turnirin sonuna qədər”.

Mən özüm harasa getmək barədə bu gün düşünmürəm. “Qarabağ”a çox bağlı insanam. Nə qədər ki, bu klub var, nə qədər ki, Qarabağ adı var, çox istəyərəm burada qalım, nəticə əldə edim. Dəyişikliklər ən böyük klublarda belə, olub. Bəzən rəhbərlik klubu buraxır gedir, bəzən maddi olaraq səviyyə aşağı düşür. Hələ ki, “Qarabağ”dan getməyi düşünmürəm. Nəsə böyük bir şey olmasa, hələ ki, buradayam”.

Kadi Borges və Musa Qurbanlının “Qarabağ”a mümkün dönüşü haqda…

Ağdam klubunun çalışdırıcısı keçmiş futbolçularından Kadi Borges və Musa Qurbanlının, həmçinin Cənubi Koreyada legioner həyatı yaşayan milli komandamızın üzvü Anton Krivotsyukun “Qarabağ”a keçəcəyi barədə xəbərlərə də münasibət bildirib:

“Bizim Kadi ilə heç bir danışığımız olmayıb. Buradan gedən futbolçuların hamısına demişik ki, “Qarabağ”ın qapısı üzünüzə həmişə açıqdır. Deyim ki, inşallah geri qayıdar, düz çıxmaz. O daha da böyümək üçün qarşısına məqsəd qoyub. “Qarabağ”da hər şey onun üçün yaxşı idi. Belə variant olsa, biz yox demərik. Amma hazırda müqaviləsi var, özü də uzunmüddətli. Gələcək göstərər.

Musa bir az fərqli xarakterli futbolçudur, insandır. O, legioner həyatını daha çox sevir. Məqsədi var ki, daim xaricdə olsun. Fərqi yoxdur, hansı liqadır, ən azından orta liqa. Onu bu gün bu qane edir. İnanmıram ki, indi komandamızda olmadığına heyfslənsin. Əksinə, çox sevinir, mənim və “Qarabağ”ın uğuruna. Belə fikir onda olsa, irəli gedə bilməz. Məqsədlərinin qarşısını kəsmiş olar. Anton Krivotsyukla da danışığımız olmayıb”.

“Qarabağ”la oyunlar bizim üçün böyük təcrübə oldu”

“Hakken”in baş məşqçisi Per Matias Hoqmo da matçdan sonra fikirlərini bölüşüb:

“Qarabağ”ı təbrtik edirəm. Onlara qarşı oynamaq bizim üçün böyük təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Onları izləməyə çalışacağam. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə, istifadə edə bilmədik. Bizdə mövsüm bitib. Növbəti mövsümdə Avropa Konfrans Liqasında oynayacağıq. Qrupdakı altı oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Avropa Konfrans Liqasında istifadə edəcəyik.

İki il yarım idi “Hakken”də baş məşqçi idim. İsveç çempionu olduq, oyunçular satdıq, komanda gəlir əldə etdi. “Hakken” indi daha güclüdür. Komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram.

“Qarabağ”ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə futbolçular yoxdur. Bu da öz təsirini göstərir. Fərdi olaraq yaxşı oyunçularınız var. Xüsusən də hücumda və mərkəzdə. “Qarabağ” daha güclü rəqiblərlə oyunlarda da qol vurub, fərq yarada bilər. Onlar üçün həyəcanlı püşkatma olacaq. Gözləyək, görək rəqib kim olacaq. “Qarabağ”ın qruplarda çox böyük təcrübəsi var. Bunu da öz oyununda göstərir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: