Qurban Qurbanov: “Rəqibi tanımırıq, diqqətli olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında “Linkoln”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb:

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni mövsümün ilk matçında çatışmazlıqların ola biləcəyini söyləyib:

“Yeni mövsümdə ilk rəsmi oyunumuzdur. Hazırlığımız yaxşı keçdi. Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər. İlk qarşılaşmada çatışmazlıqlar ola bilər. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Çünki meydan süni örtüklüdür”.

Qurban Qurbanov Cəbəllüttariq çempionu barədə də fikirlərini bölüşüb: “Linkoln”u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Cəbəllüttariqdəki “Viktoriya” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Bu komandaların cavab qarşılaşması isə iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. İkinci oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ” – “Linkoln” cütünün qalibi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: