“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”ə (İsveçrə) qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. Yaxşı mübarizə və açıq oyun gördük. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Meydanda futbola aid hər şeyi gördük. Oyunçularımız istəkli idilər. Rəqibdən çəkinmədik və onların üzərinə getməyə çalışdıq. Həmişəki kimi bizim fanatlar möhtəşəm idi. Futbolçuların yerində olmaq asan deyil. Hər insan özünü düzgün idarə etmək üçün böyük olmalıdır. Şahruddin Məhəmmədəliyevin qol epizodunda səhv etdiyini deməzdim. Bəlkə təcrübəsinə görə belə alındı. Penalti epizoduna da dəqiq baxmaq lazımdır. Cərimə meydançasında hücumçu həmişə üstündür. Bunlar xırda səhvlərdir, aradan qaldırmaq asandır. Hər oyunçumuza inamım böyükdür.
Rəqib standart vəziyyətlərdə yaxşı çıxış edir. Bu gün də bunu gördük. Çox nadir komandalar var ki, ilboyu oyunu bunun üzərində qurur. Biz də bunu yaxşılaşdıra bilə və vacib bir oyunda standart vəziyyətdən qol vura bilərik. Rəqibin orada necə oynayacağını bilmək olmaz. Əvvəlki oyunda 3 hücumçu ilə çıxmışdılarsa, bu dəfə daha çox 2 oyunçu ilə ön xətdə yer almışdılar. Oyun zamanı hansısa epizodda diqqətsiz olsan, rəqib sizi cəzalandıra bilər”.
Təcrübəli baş məşqçi İsveçrəyə hesabı qorumaq üçün yox, oyunlarını daha da yaxşılaşdırmaq və qələbə qazanmaq üçün gədəcəklərini sözlərinə əlavə edib. O, müdafiə düşüncəsini futbolçulardan uzaqlaşdırmaq istədiklərini vurğulayıb: “Bizim daha çox düşüncəmiz hücumda ola-ola müdafiə olunmaqdır. Bu gün fərdi səhvlərdən qollar buraxdıq. Bizim qol imkanlarımız daha çox idi. 3:2 hesabı ilə qalib gəlmişiksə, deməli, üstünlük bizim tərəfimizdə olub. Sadəcə, ikinci hissədə bizə qarşı təzyiq çox oldu, rəqib daha çox irəli çıxdı”.
Qurban Qurbanov bu qarşılaşmada dubl edən İbrahima Vadjinin oyunu haqqında da danışıb: “Onun bəzən texniki səhvləri ola bilər, amma faydalı iş əmsalı çoxdur. Mənim narahat olduğum futbolçunun qol vurandan sonra xəyallarda olmasıdır. Bu performansın Vadji üçün faydalı olmasına çalışacağıq və qarşıdakı matçlarda daha çox qol vurmasını tələb edəcəyik.
“Heç-heçə daha ədalətli nəticə olardı”
“Sürix”in baş məşqçisi Franko Foda isə məğlub olduqları matçla bağlı bunları dilə gətirib:
“Birinci hissədə rəqib üstün idi və təzyiqi artırdı. İkinci yarıda öz oyunumuzu tapdıq və daha yaxşı oynadıq. “Qarabağ” oynamağa imkan vermirdi. Bəzi səhvlər etdik. İlk yarı rəqibin, ikinci hissə isə bizim hesabımıza yazıla bilər. Birinci hissədə 2:0 ədalətli nəticə idi. Fasilədə bir neçə dəyişiklik etdim və bu da özünü göstərdi. Rəqib topu yaxşı saxlayırdı. Qapıçıları Şahruddin Məhəmmədəliyev onları bir neçə epizodda qoldan xilas etdi. Düşünürəm ki, 3:3 hesabı layiqli nəticə olardı”.
Baş məşqçi növbəti mərhələ üçün şansların bərabər olduğunu söyləyib: “Komanda uduzanda sevinə bilmərəm. Cütün taleyinə ikinci oyunda aydınlıq gələcək”.
Mütəxəssis qapıçılarının hər üç qolu yaxın küncdən buraxmasına da münasibət bildirib: “Qollara baxmağa imkanım olmayıb. Sabah təhlil edəcəyik. Əsas odur ki, ikinci hissədə komanda ruhunu itirmədi və qollar vurdu. “Qarabağ”ın üstünlüyü odur ki, çempionat oyunu yoxdur, cavab oyununa rahat hazırlaşacaq. Bizim isə şənbə günü çempionat matçımız olacaq. Bu gün “Qarabağ”ı təhlil etdiyim şəkildə gördüm. Birinci hissədə epizodların birində penalti təyin etmək olardı”.
Foda küləyin matça təsir etmədiyini sözlərinə əlavə edib: “Sürətli oyun izlədik. Bəlkə də, 3:3 və ya 4:4 hesabı ədalətli nəticə olardı”.


