Qurbanov: “ÇSKA-ya qarşı Bakıdakından daha yaxşı oynamalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA-ya (Sofiya) qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandaları arasındakı cavab görüşü sabah Sofiyada baş tutacaq.

Qurban Qurbanov sözügedən matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf də qalib gəlmək istəyir. Rəqib komanda çox iddialı və həvəslidir. Bu, bir daha bizi məsuliyyətli olmağa vadar edir. Hər iki komandanı eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var. Düşünürəm ki, azarkeşlər baxımlı görüşə şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik”.

Qurbanov qalib gəlmək üçün Bakıdakı ilk matçdakından daha yaxşı çıxış etməli olduqlarını söyləyib:

“Xüsusu dəyişiklik edəcəyimizi deyə bilmərəm. Amma mərhələni adlamaq istəyiriksə, mütləq Bakıdakından daha yaxşı oynamalıyıq. Rəqib daim oyun planında rotasiyalar edə bilən komandadır”.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə hesab açılmayıb. Sofiyada baş tutacaq cavab matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: