Qvardiola: “Rodri üçün cari mövsüm bitdi”

İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola zədəli olan Rodrinin durumu ilə bağlı açıqlama verib.

Arena.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 28 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğunu bəyan edib:

“Təəssüf ki, Rodrinin zədəsi ciddidir. Bu səhər çarpaz bağından əməliyyat olundu. Rodri üçün bu mövsüm bitdi. Gələn mövsüm o, burada olacaq”.

53 yaşlı mütəxəssis Rodrinin mövqeyinə mümkün transferdən də söz açıb: “Danışıqlar aparırıq. Mümkün problemləri aşkarlamaq üçün vaxtımız var. Ondan sonra nə etmək istədiyimizi görəcəyik”.

Xatırladaq ki, Rodri sentyabrın 22-də İngiltərə Premyer Liqasının 5-ci turunun “Arsenal”la oyununda (2:2) zədələnib. Oyundan sonra 28 yaşlı futbolçunun dizində çarpaz bağın yırtıldığı və bunun nəticəsində Rodrinin cari mövsümün qalan hissəsini buraxa biləcəyi barədə məlumat yayılmışdı.

Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.

“Mançester Siti”nin digər yarımmüdafiəçisi Kevin De Bröyne isə komandasının qarşıdakı 3 oyununu buraxa bilər. Bunu da Qvardiola açıqlayıb. Onun sözlərinə görə, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “İnter”lə (İtaliya) keçirilən matçda zədələnən belçikalı oyunçunun qarşıdakı üç matçda meydana çıxmamaq ehtimalı var.

De Bröyne isə bu mövsüm “Mançester Siti” ilə 8 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Onun “şəhərlilər”in heyətindəki ümumi statistikası isə belədir: 388 oyun, 103 qol və 171 məhsuldar ötürmə.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın növbəti turunda “Nyukasl”la qarşılaşacaq.