Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov Tacikistanla yoxlamaq oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi qarşıdakı görüşün UEFA Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətli olduğunu bildirib:
“Sabah UEFA Millətlər Liqası öncəsi son yoxlama oyunumuzdur. Rəqib yaxşı komandadır, futbol oynaya, nə istədiklərini bilirlər. Biz də özümüzə inanırıq. Ayxan müəllimin tapşırıqları var. Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”.
Rəhman Daşdəmirov klub səviyyəsində UEFA Çempionlar Liqası ab-havasında çıxış etməsinin milli komandadakı hazırlığına təsir etmədiyini deyib:
“Mənim üçün heç bir fərq yoxdur. İstər UEFA Çempionlar Liqası olsun, istər milli komanda. Hər oyuna eyni cür hazırlaşıram”.
Müdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsində maksimum nəticə qazanmağa çalışacaqlarını bildirib:
“Əsas sabahkı oyundur. Sabahkı matça köklənmişik. Digər rəqiblər də bizə uyğundur. Maksimum nəticə qazanmağa çalışacağıq. İnanıram ki, hamısında qalib gələ biləcəyik”.
Daşdəmirov Litva millisinin baş məşqçisi Valdas Dambrauskasın Azərbaycan yığması barədə məlumatları Litva tərəfinə çatdırması ilə bağlı suala da münasibət bildirib:
“Özüm şəxsən Valdasla danışmışam. O, bizim daha üstün cəhətlərimizi bildirib. Məncə, burada belə bir şey yoxdur ki, fərqli nəsə deməyib. Deyib ki, daha yaxşısınız. Onun özü üçün də maraqlı olacaq. Bizim haqqımızda nə məlumat verə bilər? Döyüşkən olduğumuzu deyəcək”.


