Rəşad Sadıqov: “3-cü yeri tutmağa çalışacağıq”

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasına vəsiqəni təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir. İlk hissədə üstün oynadıq. İkinci yarıda isə rəqib ərazi üstünlüyünə malik idi. “Sabah” komandası məğlub durumda olanda heç-heçə də bizə sərf edirdi. Bu zaman risk etdim və Ramin Əhmədovu meydana buraxdıq. Bu da uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Hazırda “Şamaxı” ilə oyuna köklənmişik. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma şans varsa, bürünc medalı da əldə etməyə çalışacağıq.

Rəşad Sadıqov baş məşqçi kimi avrokuboklarda debüt edəcəyini xatırladıb: “Oyundan əvvəl qarışıq hisslər var idi. Turnir cədvəlində gərgin durum var idi. Qarşıda oyunlarımız var. Yəqin ki, hissləri həmin oyunlardan sonra yaşayarıq. İndi 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq”.

“Onu sıxmıram, istəsə, gedəcək”

Mütəxəssis avrokuboklardakı hədəflər barədə danışmaq istəməyib: “Bir işi bitirməmiş gələcək planlar barədə düşünmürəm. Bünövrəni elə qurmalıyıq ki, komandanı inkişaf etdirək. Nə qədər pul olsa, daha yaxşı çıxış edərik. Mən kiməsə nəsə sübut etməyə çalışmıram. Başımı aşağı salıb işimi görürəm. Məni sevənləri, istəyənləri sevindirmək barədə düşünürəm”.

Sadıqov oyunda yaşanmış münaqişəyə də toxunub: “Epizoda diqqətlə baxmaq lazımdı. Mən Azər Salahlının əllə oynamasına etiraz edirdim. Kənardan dedilər ki, Yusuf Laval Çantakiasa zərbə vurub. Buna etiraz edirdim. Sakit məqamda 4-cü hakim izah etdi ki, epizod sarı vərəqə deyildi”.

Baş məşqçi gürcüstanlı futbolçu Davit Volkovun “Zirə”dəki taleyi ilə bağlı danışıb: “Ola bilsin ki, onu saxlamaqla bağlı çətinliklər yaşansın. Hər uğur olən yerdə futbolçulara diqqət ayrılır. Maksimum çalışacağəq ki, komandada qalsın. Amma onu sıxmıram, istəsə, gedəcək. Qalmasını istəyirik, getsə, yerinə variantlar axtaracağıq”.

“Azarkeşlərlə aramızdakı söhbəti özümüz həll edəcəyik”

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə məğlubiyyəti belə şərh edib:

“Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar. Futbolçuları bu cür oyunlara kökləmək, hazırlamaq çətindir. Komanda yaxşı futbol sərgilədi. Bu cür oyun gözləyirdik. Rəqib əks-hücumlarda və standart vəziyyətlərdə fərqlənə bilərdi. Futbolçuları təbrik edirəm. Meydanda canlarını qoydular. Matç ilk dəqiqələrdən gərgin keçdi. Oyunçular mübarizə apardılar. Futbolçular məğlubiyyətə görə paltardəyişmə otağında əsəbi idilər”.

Abasov azarkeşlərin bu gün daha sakit olduğunu söyləyib: “1-2 dəfə şüarlar eşitdim, sonradan olmadı. Azarkeşlərlə şəxsən telefonla danışmışam. Aramızda olan söhbəti özümüz həll edəcəyik, kənara çıxmayacaq. Fanatın istəyi normal bir şeydir. Bu söhbətə son qoymaq istəyirəm. Bir daha bu məsələyə qayıtmayacağam”.

Təcrübəli baş məşqçi müxtəlif matçlarda gənclərə şans verdiklərini sözlərinə əlavə edib: “Neftçi”də qazandığımız nəticələri çox yaxşı hesab edirəm. Bu mövsümə çox çətin başladıq. Amma uzun məğlubiyyətsizlik seriyamız oldu, itkilərlə, rotasiyalarla 2-ci yeri tutduq. Keçən il də çempion olmuşuq. Məncə, ən yaxşısını bacarmışıq”.

Mütəxəssis müqaviləsinin başa çatdığını xatırladıb: “Klub rəhbərliyi ilə danışmamışam. İdman direktoru Zaur Əzizovla müzakirələr aparırıq. Müqavilə məsələsinə mövsüm bitdikdən sonra baxılacaq. Müşahidə Şurası qərar verəcək. Saxlasalar, qalacağıq, göndərsələr də, normal qarşılayarıq. Bir oyundan sonra baş məşqçi olmaya bilərəm”.

Baş məşqçi qışda İranın “Traktor” klubundan təklif aldığını təsdiqləyib: “Zəng gəlmişdi ki, kluba baş məşqçi lazımdır, biz də sizi düşünürük. Mən də dedim ki, öncə kluba müraciət edin, mən “Neftçi”yə məxsusam. İndiki proseslər barədə danışmaq istəmirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: