Rəşad Sadıqov: “Payde”ni keçmək üçün əlimizdən gələni edəcəyik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde”yə qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Estoniya təmsilçiləri arasındakı cavab görüşü sabah Sumqayıtda keçiriləcək.

Rəşad Sadıqov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah bizi cavab görüşü gözləyir. Mərhələnin ilk oyununda uduzmuşuq. Sabah ikinci oyuna çıxacağıq. Doğma azarkeşlərin qarşısında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk, mərhələni keçək. Başa düşürük ki, rəqibin müəyyən üstünlüyü var. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirib, qalib gələk və mərhələ adlayaq. “Sabah”ı təbrik edirəm, ilk dəfə əsas mərhələdə çıxış edəcəklər. “Neftçi” və “Qarabağ”a uğurlar arzulayıram. Hər üç komandamızı vacib oyunlar gözləyir. Çox istəyərdim ki, hər dörd komandamız əsas mərhələdə, ən azından pley-offda olsun. Bu, Azərbaycan futbolu üçün böyük təkan olardı. “Sabah” Allah qoysa, Çempionlar Liqasının Liqa mərhələsinə düşər, ən pis halda Avropa Liqasına.

“Payde” ilə “Zirə” oyun üslubu olaraq bir-birinə bənzəyən komandalardır. İlk oyun istədiyimiz kimi keçirdi. Ümumi çıxışımızdan razı qaldım. Oyuna nəzarət edən tərəf biz idik. Sadəcə, qarşımızda təcrübəli və nəticəyə oynaya bilən komanda var idi. Bunu oyun ərzində də hiss etdik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Nəticə üçün uğurlu oyun planı qurmuşdular. Hücumları qola çevirə bilmədik. Son 10 dəqiqə istəmədiyimiz şəkildə keçdi. Çoxsaydlı kornerlər, aut atışları oldu. Buraxdığımız qol bizi məyus etdi. 110 avrokubok oyunu oynamışam, burada elə-belə rəqib olmur. Hansısa oyun istədiyin kimi rahat gedər, amma hər an rəqib nəticəni dəyişə bilər. Bəzən yaxşı oynamaq kifayət etmir. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqib təcrübəlidir, heyətində təcrübəli oyunçular çoxdur, yaxşı məşqçiləri var. Sabah əlimizdən gələni edəcəyik ki, oyun planımız işləsin, bizim oyunumuz alınsın”.

“Zirə”nin təcrübəli müdafiəçisi Ruan Renato da cavab matçı öncəsi fikirlərini paylaşıb:

“İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, meydanda diqtə edən tərəf biz idik. Rəqib müdafiədə yaxşı iş gördü. Biz də həftə bütün hazırlıqlarımızı bu yöndə aparmışıq. İlk oyundan fərqli olaraq, qol fürsətlərindən yararlanmaq istəyirik”.

Sabah “Sumqayıt Arena”da keçiriləcək “Zirə” – “Payde” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında Estoniyada baş tutmuş ilk görüşdə “Payde” 1:0 hesabıyla qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: