Rəşad Sadıqov: “Qarabağ”a 0:2 uduzursansa, dönüş etmək şansın azdır”

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Uğurlu seriya yaxalamışdıq. Yeddi oyun idi uduzmurduq. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq. Bəzən “Neftçi” və “Qarabağ” kimi komandalara qarşı müdafiədən oynamağa çalışırsan. Amma bu gün öz oyunumuzu sərgiləməyə başladıq və çox dəyişiklik etmədik. İlk hissədə yaxşı çıxış etmədik. Fasilədən sonra qol imkanlarımızın olacağını düşünürdük. Penaltidən sonra hər şey həll edildi. “Qarabağ” kimi komandaya qarşı 0:2 hesabı ilə geridəsənsə, qarşılaşmanı çevirmək çətin olur. Hər oyunda qalib gəlmək mümkün deyil. Bir az şansın da olmalıdır. Rəqib böyük istəklə və motivasiya ilə oynayırdı. Bu gün ilk saniyədən sonadək eyni tempdə davam etdilər. Belə olan halda sən də daha ürəkli olmalısan. Bunu edə bilmədik”.

Rəşad Sadıqov komandada yorğunluğun olmadığını sözlərinə əlavə edib: “Penalti epizodunadək rəqib böyük üstünlüklə oynayırdı. 0:1 təhlükəli hesab deyil. Penaltiyə gəldikdə isə bu, penalti idisə, Qəbələdəki nə idi? Təmkin Xəlilzadənin qolu oyundan kənar vəziyyət idi? Hakimlikdən danışıb rəqibin uğuruna kölgə salmaq istəmirəm”.

Baş məşqçi növbəti turlarda “Neftçi” və “Sabah”la qarşılaşacaqlarını xatırladıb: “Əvvəldən proqnoz vermək çox çətindir. Bu gün “Qarabağ”la çempionluq mübarizəsi aparmağımız real görünmür. Mövsümün əvvəlində çoxsaylı hakim səhvləri olmasaydı, bu gün fərq az ola bilərdi. “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcək komanda “Neftçi”dir. Digər komandalar 3-cülüyə oynayır. Ağır qrafikə düşmüşük. 4 çətin oyunun 3-ü səfərdədir. Çalışacağıq ki, qarşıdakı oyunlardan xallar qazanaq.

Cəlal Hüseynov U-21 yığmasına, Davit Volkovun Gürcüstan millisinə dəvət alıb. Bir tərəfdən milli üzvlərinin çox olmasını istəyirsən, digər tərəfdən oyunçuların qalıb hazırlaşmasını. Amma yığma da vacibdir. Nə qədər çox futoblçu dəvət alsa, sevinərik.

Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Ancaq əlbəttə mükafat qazanmağı da hamı istəyər, çempion olmağı da. Nə qədər alınacağını zaman göstərəcək. “Qəbələ” ilə “Sabah” da yaxşı performans göstərir. Konfrans Liqasına da düşmək çətindir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: