“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-offunda “Omoniya”ya qarşı cavab matçından öncə fikirlərini paylaşıb.
Arena.az xatırladır ki, Azərbaycan və Kipr təmsilçiləri arasındakı ilk qarşılaşma Nikosiyada baş tutub və meydan sahiblərinin 6:0 hesablı qələbəsiylə yekunlaşıb.
Cavab görüşü isə sabah “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.
Bu gün “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla komandanın müdafiəçisi Stefan Akkanın iştirakı ilə mətbuat konfransı keçirilib. Qəsəbə təmsilçisinin çalışdırıcısı əvvəlcə bunları söyləyib:
“İlk oyunda böyük hesabla məğlub olmuşuq. Oyuna fərqli atmosferdə, ab-havada hazırlaşmaq istəyərdik. Hələ də məyusluğumuz var. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə bizim üçün pozitiv olsun. Qələbə qazanmaq çox vacibdir. Son oyuna qədər avrokuboklarda çıxışımız uğurlu alınırdı. Üç gün ərzində iki məğlubiyyət almışıq. Həmin oyunlardan gözləntilərimiz o deyildi. Amma futbolun gözəlliyi ondadır ki, hər şey sənin gözlədiyin kimi olmur. “Omoniya” ilə matçda buraxdığımız qollara baxanda görürsən ki, bu, biz deyildik. Bizim üçün bu mövsümün ən uğursuz oyunu oldu. Ola bilər ki, rəqib bizdən daha yaxşı oynayırdı. Amma görünür ki, həyəcan, erkən buraxılan qolların məyusluğu təsir etdi.
Kollektiv olaraq həmin oyunları unutmuşuq, önümüzə baxırıq. Məyusluğun olması normaldır. Tam olaraq sabahkı oyuna köklənirik. Qələbə qazanmaq çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, ilk oyundakı nəticəni unutduraq. Sabah komandamdan əzmkar, aqressiv, baxımlı oyun gözləyirəm. Əsas düşüncəmiz ondan ibarətdir ki, hər top uğrunda mübarizə aparaq. Hər şey bizim üçün uğurlu alınsa, sona qədər mübarizə aparmaq istəyirik”.
Rəşad Sadıqov komandasının Konfrans Liqasının pley-offuna çıxmasını məşqçilik karyerasının əsas uğuru olduğunu bildirib:
“Çempionatda ikinci yer də asan əldə olunmadı. Rəqiblərimizin hansı səviyyədə olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, həm Premyer Liqada ikinci yer, həm də pley-off məşqçilik karyeramın zirvəsidir”.
“Qarabağ”ın oyunu çevirmək şansı olacaq”
“Zirə”nin baş məşqççisi bu gün UEFA Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək “Qarabağ”ın şanslarına da toxunub:
“Şansları bərabər dəyərləndirirəm. “Qarabağ” səfərdə qələbə qazansaydı da, belə dəyəcəkdim. Vacib olan səfərdəki oyunu təkrarlamaqdır. Rəqibin necə oynayacağından da çox şey asılıdır. Bir çox insanlar kökləniblər ki, ilk qolu 15-20-ci dəqiqədə vurmaq lazımdır. Amma “Qarabağ” 60-cı dəqiqədə fərqlənsə belə, oyunu çevirmək şansı olacaq. Onlara uğurlar arzulayıram”.
Stefan Akka isə qarşıdakı görüşdən gözləntilərini belə ifadə edib:
“Bizi sabah hansı məcrada oyun gözlədiyini bilirik. Əlimizdən gələni etməliyik ki, yaxşı nəticə qazanaq”.


