“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun yeni iş yeri müəyyənləşib. Arena.az-ın əldə etdiyi məlumata görə, “qartallar”ın çalışdırıcısı cari mövsümün sonunda “Neftçi”nin baş məşqçisi təyin ediləcək.
Tərəflər artıq razılaşıb və Sadıqovun uzunmüddətli müqaviləyə imza atacağı dəqiqləşib.
Xatırladaq ki, Rəşad Sadıqov 2020-ci ilin iyul ayından “Zirə”yə rəhbərlik edir. 41 yaşlı mütəxəssis indiyə qədər bu komandanı 96 matça çıxarıb. Zirə təmsilçisi bu görüşlərdə 38 qələbə qazanıb, 33 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb. Sadıqovun “Zirə” ilə müqaviləsinin müddəti məhz bu mövsümün sonuna – 30 iyuna qədərdir.
“Neftçi”ni hazırda Rumıniyadan olan Laurentsiu Regekampf çalışdırır. Bu mövsümün əvvəlindən “ağ-qaralar”a rəhbərlik edən 47 yaşlı mütəxəssis komandanı 32 matça çıxarıb. Bu görüşlərdə 20 qələbə qazanan paytaxt təmsilçisi 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Bütövlükdə statistik göstəricilər o qədər pis görünməsə də, Regekampfın mövsümün sonunda göndərilməsi planlaşdırılır. Çünki komandanın çempion olmaq şansı demək olar ki, çox azdır. Lider “Qarabağ”ın üstünlüyü əldən verməsi inandırıcı görünmür. Amma “Neftçi”nin nəinki çempion, heç ikinci olmaq şansı da çox böyük deyil. “Sabah” bu mövsümü gümüş medallarla başa vurmağa daha yaxındır. Belə olan halda kifayət qədər yüksək məvaciblə “ağ-qaralar”ı çalışdıran rumın məşqçinin saxlanılması inandırıcı görünmür. Müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədər olan Regekampf komandaya hətta Azərbaycan kubokunu da qazanırsa, qalmaq ehtimalı çox azdır.
Xatırladaq ki, “Neftçi” bu mövsüm Premyer Liqada 26 oyuna topladığı 55 xalla üçüncü pillədə qərarlaşıb. “Zirə” isə 36 xalla dördüncüdür.


