Rafael Benites Arne Slota “Liverpul”la bağlı məsləhət verdi

“Liverpul”un keçmiş baş məşqçisi Rafael Benites mersisaydlıların yeni çalışdırıcısı Arne Slota məsləhətlər verib.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Dürüstlük, zəhmətkeşlik və uğur hörmət və heyranlıq gətirir. Bunlar Liverpul şəhərində qəbul edilməyin açarlarıdır. Nə düşünməyinizdən asılı olmayaraq, “Liverpul”un çalışdırıcısı olmağın nə demək olduğunu tez başa düşməli olacaqsınız. Hər oyunda qalib gəlməyiniz gözlənilir. Əgər qalib gəlsəniz və yaxşı oynasanız, sizdən üç top fərqi ilə qalib gəlməyiniz gözləniləcək”, deyə Rafael Benites “The Telegraph”a açıqlamasında bildirib.

Xatırladaq ki, Arne Slot 2021-ci ilin iyul ayından “Feyenoord”a rəhbərlik edirdi. “Feyenoord” 45 yaşlı mütəxəssisin rəhbərliyi altında bütün yarışlarda 148 oyuna çıxıb, 97 qələbə, 27 heç-heçə və 24 məğlubiyyət yaşayıb. Rotterdamlıların top fərqi isə 346:156 nisbətindədir. Slot “Feyenoord”a Niderland Erediviziyasını (2022/2023) və Niderland Kubokunu (2023/2024) qazandırıb.

Daha əvvəl mətbuatda, Arne Slotun “Liverpul”la müddəti 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə xəbərlər yayılmışdı. Eyni zamanda, İngiltərə klubu niderlandlı mütəxəssis müqabilində “Feyenoord”a təzminat haqqı olaraq 13-15 milyon avro məbləğ civarında ödəniş edəcək.

Slot “Liverpul”un sükanı arxasında uzun illərdir çalışan Yurgen Klopu əvəz edəcək.