Rafael Benites “Selta”nın baş məşqçisi təyin edildi

İspaniyadan olan 63 yaşlı futbol mütəxəssisi Rafael Benites ilyarımlıq fasilədən sonra yenidən məşqçiliyə qayıdıb.

Arena.az xəbər verir ki, məşhur məşqçi bundan sonra “Selta”nı çalışdıracaq.

Bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Məlumata görə, yeni baş məşqçi ilə müqavilə üç mövsüm müddətinə nəzərdə tutulub. Benitesin komandaya iyulda, mövsümöncəsi hazırlığın startı zamanı qoşulacağı gözlənilir.

Təcrübəli mütəxəssis “Selta”nın baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Karlos Karvalhalı əvəz edib. Halbuki, Portuqaliyadan olan 57 yaşlı mütəxəssisin klubla 2024-cü ilin yayına kimi sözləşməsi var idi.

Rafael Benites daha əvvəl “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. O, 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi oldub. “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl” və “Dalian”da da çalışmış ispan mütəxəssisin son iş yeri 2022-ci ildə tərk etdiyi “Everton” olub.