İspan mütəxəssis Rafael Benites başda özünün məşqçilər qərargahı olmaqla, 8 aylıq işdən sonra “Selta” ilə yollarını ayırıb.
Arena.az bu barədə Viqo təmsilçisinin rəsmi saytına istinadən məlumat verir:
“Klub “Rafa” Benitesə və onun heyətinə gəlişlərindən bəri göstərdikləri sadiqlik, dürüstlük, peşəkarlıq və yorulmaz iş müqabilində səmimi təşəkkürünü bildirir. “Selta” onlara həmçinin gələcək üçün uğurlar və nailiyyətlər arzulayır”, – klubun rəsmi bəyanatında deyilr.
Rafael Benites “Selta”nı 2023-cü ilin iyun ayında qəbul edib. 63 yaşlı mütəxəssisin “Selta” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.
“Rafa” “Selta”nı 33 oyuna çıxarıb, 9 qələbə və 9 heç-heçə, həmçinin 15 məğlubiyyət yaşayıb. Topların fərqi isə 44:49 nisbətindədir.
Hazırda “Selta” La Lqanın 28 turundan sonra 24 xalla yarış cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Viqoluları təhlükəli bölgədən cəmi 2 xal ayırır.
Rafael Benites daha əvvəllər “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. “Rafa” 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi olub. İspan mütəxəssis “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl”, “Dalian” və “Everton”da da baş məşqçilik edib.