“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rafael Varan, “qırmızı şeytanlar”ın hücumçusu Markus Raşfordun “Aston Villa”ya keçidinə təəccüblənib.
Arena.az xəbər verir ki, fransalı veteran futbolçu bu barədə qənaətini paylaşıb:
“Mən onun Mançesterə bu qədər yaxın məkana köçünə təəccüblənirəm. Raşfordun bir neçə kilometrdənsə, daha uzağa gedəcəyini təsəvvür edirdim”.
Rafael Varan “Mançester Yunayted”in uğur qazanacağına inanır
Rafael Varan bərbad bir mövsüm keçirən “qırmızı şeytanlar”ın uğur qazanacağına ümid etdiyini də bildirib:
“Mənim, kluba hörmətim və məhəbbətim o qədər çoxdur ki, ona yalnız müsbət yanaşa bilərəm. Mən ancaq ən yaxşısını diləyirəm və ümidvaram ki, onlar uğur qazanacaqlar”.
Xatırladaq ki, Ruben Amorimin “fitvası” ilə “qırmızı şeytanlar”ın məzunu, ingilis sol cinah hücumçusu Markus Raşford bu qış fasiləsində “Aston Villa”ya icarəyə göndərilib. Portuqal mütəxəssis braziliyalı sağ cinah hücumçusu Antonini də “Betis”ə icarəyə göndərib. Üstəlik, Amorim böyük bir məsuliyyət altına girərək, qış transfer pəncərəsi ərzində hücumçu mövqeyinə heç bir yeni oyunçu almamağa qərar verib. Mütəxəssislər və təhlilçilər portuqal mütəxəssisin böyük riskə baş vurduğunu qeyd edirlər. Hansı ki, komandanın nəticələri də buna əsas verir.
Cari mövsümdə keçirdiyi 25 oyunda 29 xal toplamış “Mançester Yunayted” İngiltərə Pemyer Liqasının yarış cədəvlinin 15-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” klub tarixinin ən pis dövrünü yaşayırlar.
İngiltərə millisinin də üzvü olan Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.
Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.
İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.
Markus yenicə keçdiyi “Aston Villa”nın heyətində artıq 3 oyuna çıxsa da, hələ məhsuldarlıq nümayiş etdirə bilməyib.
Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


