“Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya “blauqrana”nın kapitanlarından biri təyin edilməsini şərh edib.
Arena.az məlumat verir ki, braziliyalı oyunçu bu barədə La Liqanın 4-cü turunda “Valyadolid”lə oyundan (7:0) sonra keçirilmiş mətbuat konfransında danışıb:
“Barsa”nın kapitanlarından biri olacağımı heç ağlıma da gətirməzdim. Mən çox həyəcanlıyam. Paltardəyişmə otağında insanlar mənə güvənirlər. Bu, məni həyəcanlandırır və özümü daha vacib hiss etməyə sövq edir. Bu, mənə inam verdi”, deyə hücumçu vurğulayıb.
Xatırladaq ki, braziliyalı futbolçu “Valyadolid”lə oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Rafinya İspaniya nəhənginin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Rafinya “Barsleona” üçün 4 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 91 oyun, 23 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümü İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.
Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 27 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


