Xorvatiya milli komandasının və “Barselona”nın keçmiş yarımmüdafiəçisi İvan Rakitiç bundan sonra “Hayduk”da forma geyinəcək.
Arena.az bu barədə Xorvatiya klubunun rəsmi saytına istinadən xəbər verir.
36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Xorvatiyalı futbolçu bu gün rəsmən təqdim olunacaq.
Rakitiçin son klubu Səudiyyə Ərəbistanı “Əl-Şabab”ı olub. Xorvat yarımmüdafiəçi sözügedən kluba bu ilin yanvarında İspaniya “Sevilya”sından azad agent kimi keçmişdi. O, ötən mövsüm “Əl-Şabab”ın heyətində cəmi 8 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. İvanın Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi vardı. Bu üzdən xorvat futbolçunun “Hayduk”a keçid üçün “Əl-Şabab”ı necə razı salması maraq doğurur.
Rakitiç İsveçrənin “Bazel” klubunun yetirməsidir. Xorvat futbolçu karyerası ərzində “Şalke”, “Sevilya” və “Barselona”da oynayıb.
Rakitiçin qənimətlər muzeyində “Bazel”lə qazandığı İsveçrə Kuboku və “Şalke” ilə qazandığı Almaniya Kuboku ilə yanaşı, “Barselona” və “Sevilya” ilə qazandığı çoxsaylı qənimətlər var. O, “Sevilya” ilə Avropa Liqasının ikiqat qalibi olub. “Barselona” ilə isə İspaniya La Liqasını (4 dəfə), İspaniya Kral Kubokunu (4 dəfə), İspaniya Super Kubokunu (2 dəfə), Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Həmçinin Rakitiç 2015-ci ildə Xorvatiyada ilin futbolçusu seçilib.
Rakitiç karyerasının ilk dövrlərində İsveçrənin U-16, U-17, U-19 və U-21 komandalarında oynayıb. Amma sonradan xorvat futbolçu seçimini tarixi vətəninin xeyrinə edib: Xorvatiyanın U-21, ardınca isə əsas yığmasında çıxış edib.
İvan Rakitiç 2007-ci ilin sentyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 106 oyun keçirib, 15 qol vurub, 16 məhsuldar öyürmə verib.
“Transfermarkt” internet-portalı 36 yaşlı xorvat müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.


