Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” komandası ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Polşada, cavab görüşü isə Bakıda keçiriləcək.
Artıq Polşadakı oyunun günü, keçiriləcəyi məkan, başlama saatı, hətta hakim təyinatları da bəllidir. UEFA-nın rəsmi saytı bu qarşılaşmanın iyulun 26-da keçiriləcəyini göstərir. Çenstoxova şəhərindəki eyniadlı stadionda baş tutacaq matça Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.
Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Erni və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Bu komandalar arasındakı cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. Bu matçın başlama saatı və hakim təyinatları hələ müəyyənləşməyib.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” komandasını iki oyunun nəticəsinə əsasən üstələyib – səfərdə 2:1, evdə 4:0. “Rakuv” isə Estoniya çempionu “Flora”dan güclü olub – evdə 1:0, səfərdə – 3:0.


