Futbol üzrə Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Ramires karyerasını başa vurub. Arena.az xəbər verir ki, təcrübəli oyunçu 35 yaşında futboldan getməyə qərar verib.
O, sosial şəbəkə hesabında bunları yazıb: “Bir az düşündükdən sonra futbolçu karyeramı başa vurmağa qərar verdim. Bu qərarımı sizə də açıqlamaq istəyirəm. Oynadığım bütün klublara təşəkkür edirəm. Bu klubların tərəfdarlarını hər zaman qəlbimdə daşıyacağam. Birlikdə oynadığım komanda yoldaşlarıma, çalışdığım məşqçilərə təşəkkür edirəm. Hər şey üçün təşəkkürlər, futbol!”
Ramires son olaraq Braziliyanın “Palmeyras” klubunun formasını geyinib. O, 2020-ci ilin noyabrında sözügedən komandadan ayrılandan bəri klubsuz idi. Yarımmüdafiəçi daha öncə “Jiangsu”, “Çelsi”, “Benfika”, “Kruzeyro” və “Joinvil” klublarının da formasını geyinib. O, Braziliya yığmasında da 52 oyuna 4 qol vurub.
Ramiresin əsas uğurları 2010-2016-cı illər aralığında formasını geyindiyi “Çelsi” ilə bağlıdır. O, İngiltərə klubunun heyətində UEFA Çempionlar Liqası da daxil olmaqla bütövlükdə 5 çempionluq yaşayıb. Təcrübəli oyunçu 2009-cu ildə Braziliya milli komandasının heyətində də Konfederasiyalar Kubokunu qazanıb. Onun karyerası ərzində qazandığı titulların siyahısı isə belədir:
“Benfika”
Portuqaliya çempionu – 2009/10
Portuqaliya kubokunun qalibi – 2009/10
“Çelsi”
İngiltərə Premyer Liqasının qalibi – 2014/15
İngiltərə Federasiya Kubokunun qalibi – 2011/12
İngiltərə Liqa Kubokunun qalibi – 2014/15
UEFA Çempionlar Liqasının qalibi – 2011/12
Avropa Liqasının qalibi – 2012/13
“Palmeyras”
Braziliya kubokunun qalibi – 2020
Paulista Liqasının qalibi – 2020
Libertadores Kubokunun qalibi – 2020
Braziliya milli komandası
Konfederasiyalar Kubokunun qalibi – 2009