Ramiz Həsənov 2-ci, İbrahim Yusubov dünya çempionu oldu!

Azərbaycan güləşçiləri İbrahim Yusubovla Ramiz Həsənov çimərlik güləşi üzrə dünya çempionatının cari mövsümünü uğurlu başa vurublar.

Arena.az xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində təşkil olunmuş final mərhələsi ilə çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

Dünya Seriyasının final mərhələsində ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) təmsil ediblər. Güləşçilərimiz həlledici mərhələdə uğurlu çıxış ediblər.

Ramiz Həsənov A qrupunda fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub – 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan Həsənov final mərhələsini gümüş medalla başa vurub.

İbrahim Yusubov da A qrupunda yer alıb və bu mərhələni maksimum nəticəylə başa vurub. Təcrübəli güləşçimiz moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Aleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən Yusubov finalda yenidən Trayan Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim Yusubov final mərhələsində qızıl medal qazanıb.

Yarış başa çatdıqdan sonra Dünya Seriyasının bütün mərhələlərinin xalları toplanıb. Yekunda 2024-cü il mövsümünün dünya mükafatçıları müəyyənləşib. Ramiz Həsənov yekun nəticəyə əsasən, dünya ikincisi olub. İbrahim Yusubov isə titulunu növbəti dəfə qoruyub və 3-cü dəfə dünya çempionu olub!

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: