“Mançester Yunayted”in və İngiltərə yığmasının sol vingeri Markus Raşford Mançesterdəki ən yaxşı gecə klublarından birinə baş çəkib.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın hücumçusu İngiltərə Premyer Liqası çərçivəsində Mançester derbisində əzəli rəqib “Mançester Siti”yə biabırçı məğlubiyyətdən (0:3) bir neçə saat sonra şəhərin ən yaxşı gecə klubuna yollanıb.
Raşfordun gecə klubuna baş çəkməsinin səbəbi doğum gününü ailəsi və dostları ilə qeyd etmək istəyi olub. Məclisədə “qırmızı şeytanlar”ın müdafiəçisi Tirell Malasia da iştirak edib.
Növbəti gün səhər, Bazar ertəsi ingilis futbolçunun artıq komandası ilə məşqə çıxdığı da vurğulanır.
Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. Markus 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində 13 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
Markus 2016-cı ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 57 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı Markus Raşfordu 75 milyon avro məbləğində qiymətləndirir.


