Raul Bellanova 20 milyon avroya “Atalanta”da!

İtaliyanın “Atalanta” klubu heyətini iki yeni futbolçu – müdafiəçi Raul Bellanova və yarımmüdafiəçi Lazar Samardjiçlə gücləndirib.

Arena.az xəbər verir ki, Berqamo təmsilçisi Samardjiçi “Udineze”dən bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Lazar Samardjiç Almaniyanın “Herta” klubunun yetirməsidir. O, Almaniyada “Leypsiq”in də formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi “Udineze”yə 2021-ci ilin avqust ayında 3 milyon avro müqabilində transfer edilmişdi. O, İtaliya klubunun əsas komandasında 98 oyun keçirib, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçi Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb. Əvəzində o, 2023-cü ilin mart ayından Serbiya yığmasında oynamağa başlayıb. Serbiyalı futbolçu indiyə qədər millidə 11 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Raul Bellanova isə 20 milyon avro müqabilində “Torino”dan transfer olunub. 24 yaşlı italiyalı sağ cinah müdafiəçisi yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

Bellanova “Milan”ın yetirməsidir. “Bordo”, “Peskara”, “Kalyari”, “İnter” kimi klublarda oynamış futbolçu 2020-ci ildə icarə əsasında “Atalanta”da da forma geyinib. Lakin həmin vaxt o, bu komandada cəmi 1 matça çıxmışdı. “Torino”ya 2023-cü ilin iyul ayında 7 milyon avro müqabilində “Kalyari”dən keçmiş müdafiəçi, Turin klubunun heyətində 41 oyuna çıxıb, 1 qol və 8 assistlə kifayətlənib.

Yeri gəlmişkən, “Torino” seneqallı sağ vingeri Demba Seki də “Katanzaro”ya icarəyə verib. 23 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

“Torino”da 38 oyun keçirmiş Sek, SPAL, “Sasso”, “Frozinone” kimi klublarda da forma geyinib. O, Seneqal yığmasında da 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: