Rayan Babel Türkiyə klubundan ayrıldı

Futbol üzrə Niderland yığma komandasının sabiq yarımmüdafiəçisi Rayan Babel Türkiyənin “Eyüpspor” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 36 yaşlı vinger TFF 1-ci liqada mübarizə aparan klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.

Türkiyə millisinin sabiq üzvü Arda Turanın çalışdırdığı komanda Babelə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Rayan Babel “Eyüpspor”a 2022-ci ilin iyul ayında “Qalatasaray”dan azad agent kimi keçmişdi. Həmin vaxt tərəflər 1 illik müqaviləyə imza atmışdılar. Komanda mövsümün sonunda Super Liqaya yüksəlsəydi, Babellə müqavilənin müddəti avtomatik olaraq daha 1 il uzadılacaqdı. Amma görünür “Eyüpspor”un bu istəyinə çata bilməməsi Babelin komandadan ayrılmasında əsas rol oynayıb. Holland futbolçu sözügedən klubun heyətində 29 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Babel 2019-cu ildən “Eyüpspor”a keçənə qədər “Qalatasaray”da forma geyinib. O, İstanbul təmsilçisində bütövlükdə 100 oyun keçirib, 17 qol vurub. O, 2020-ci ildə qısa müddət “Ayaks”da icarədə də olub.

Babel Türkiyədə əvvəllər “Kasımpaşa” (59 oyun, 14 qol və 12 məhsuldar ötürmə) və “Beşiktaş”ın (89 oyun, 29 qol, 12 assist) da uğurları üçün çalışıb. Peşəkar karyerasına yetirməsi olduğu “Ayaks”da (142 oyun, 30 qol, 20 assist) başlamış vinger “Liverpul” (146 oyun, 22 qol, 18 assist), “Hoffenhaym” (51 oyun, 6 qol, 4 assist), “Əl-Əyn” (8 oyun, 1 qol, 2 assist), “Deportivo” (12 oyun, 5 qol, 1 assist) və “Fulhem”də (16 oyun, 5 qol, 4 assist) də oynayıb. O, Niderland yığmasında 69 oyuna 10 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: