“Real” sevindi, “Barselona” 5 qola üzüldü – Video

ABŞ-da təlim məşq-toplanışı çərçivəsində hazırlıq keçən İspaniya nəhəngləri – “Real” və “Barselona” yoldaşlıq oyununa çıxıblar.

Arena.az xəbər verir ki, “Real” “Mançester Yunayted” üzərində qələbəyə sevinib, “Barselona” isə “Arsenal”a məğlubiyyətin acısını yaşayıb.

Hyustonun NRG stadionunda “Real” “Mançester Yunayted”lə qarşılaşıb. Bu oyunda “Kral klubu” 2:0 hesablı qələbə qazanıb.

Oyunda ilk qolu 6-cı dəqiqədə madridlilərin gənc transferi, ingilis yarımmüdafiəçi Cud Bellingem vurub. Bu, Bellingemin “Real”ın heyətində vurduğu ilk qol kimi əlamətdardır. Bellingem alman müdafiəçi Antonio Rüdigerin məhsuldar ötürməsindən faydalanıb. Yeri gəlmişkən, bu qol “Mançester Yunayted”in yeni transferi Andre Onananın debüt oyununda buraxdığı ilk qol olub. Oyunun sonuna yaxın, 89-cu dəqiqədə isə madridlilərin digər yeni transferi, 33 yaşlı veteran Xoselu, həmyerlisi ispan Lukas Vaskesin məhsuldar ötürməsini qola çevirib.

İnqlvudun “Sou-Fay” stadionunda isə “Arsenal” nominal meydan sahibi qismində Kataloniya nəhəngi “Barselona”nı qəbul edib.

Dramatik məcrada keçmiş oyun ingilislərin 5:3 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

7-ci dəqiqədə polşalı hücumçu Robert Levandovski hesabı açıb. 13-cü dəqiqədə isə Bukayo Saka tarazlığı bərpa edib. Ancaq 22-ci dəqiqədə Saka təyin edilmiş penaltini qola çevirə bilməyib. Əvəzində, 34-cü dəqiqədə braziliyalı vinger Rafinya “topçular”ı cəzalandıraraq, “Barsa”nı yenidən hesabda önə keçirib. 43-cü dəqiqədə alman yarımmüdafiəçi Kay Haverts hesabı bərabərləşdirib. Birinci hissə 2:2 hesabı ilə başa çatıb.

Fasilədən sonra “topçular” oyuna nəzarəti ələ alıblar. 55-ci dəqiqədə belçikalı Leandro Trossard “Arsenal”ı hesabda önə keçirib. 78-ci dəqiqədə Trossard dübarə fərqlənərək londonluların üstünlüyünü iki topa çatdırıb. 88-ci dəqiqədə ispan hücumçu Ferran Torres “Barsa”nı ümidləndirsə də, 89-cu dəqiqədə portuqal yarımmüdafiəçi Fabiu Vieyra “topçular”ı yenidən hesabda önə keçirərək, oyunda yekun hesabı müəyyənləşdirib.

Qarşıdakı yoldaşlıq oyununda azarkeşləri “El-Klasiko” gözləyir. “Real” və “Barselona” hazırlıq çərçivəsində gücünü sınayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: