Məlum olduğu kimi, İspaniya nəhəngi “Real” futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olub.
Arena.az xatırladır ki, Madrid təmsilçisi Londonun “Uembli” stadionunda keçirilmiş final oyununda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib.
Bununla da sözügedən kollektiv tarixində 15-ci dəfə Avropanın ən mötəbər klub kubokunu başı üzərinə qaldırıb.
Beləliklə “Real” UEFA Super Kubokunun finalında oynamaq hüququ qazanıb. UEFA Super Kubokunun finalında “qaymaqlılar”ın rəqibi isə Can Pyero Qasperinin rəhbərliyi altında Avropa Liqasını qazanmış “Atalanta” olaracaq.
Xatırladaq ki, “bərk qoz” hesab edilən “Atalanta” Avropa Liqasının finalında Xabi Alonsonun 51 oyunluq ardıcıl məğlubiyyətsizlik silsiləsini sürdürmüş “Bayer”ini 3:0 hesabı ilə kötəkləmişdi.
2023/2024-cü illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Super Kuboku uğrunda oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək. Oyun avqustun 14-də baş tutacaq.
Xatırladaq ki, 1973-cü ildə təsis edilmiş UEFA Super Kubokunun ilk qalibi Niderland nəhəngi Amsterdam “Ayaks”ı olub. Kubokun cari sahibi isə “Mançester Siti”dir.
Vurğulayaq ki, “Barselona”, “Real” və “Milan” hər biri 5 dəfə qalibi olmaqla, UEFA Super Kubokunu ən çox qazanmış klublardır. Göründüyü kimi, “kral klubu” qalib olacağı halda mütləq rekord müəyyənləşdirəcək.


