“Real”da daha bir itki – Ferlan Mendi sıradan çıxdı

İspaniya nəhəngi “Real”ın 29 yaşlı fransalı sol cinah müdafiəçisi Ferlan Mendi əzələ zədəsi alaraq sıradan çıxıb.

Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Klubun tibb xidmətinin apardığı tibbi müayiənin nəticələrinə əsasən, oyunçumuz Ferlan Mendidə sol ayağının dizaltı vətərinin zədəsi aşkarlanıb. Biz hadisələrin inkişafının intizarındayıq”, – “qaymaqlılar”ın bəyanatında deyilir.

Bu arada, jurnalist Arançi Rodriges fransalı futbolçunun 3-4 həftəlik müddətə sıradan çıxdığı haqda məlumat paylaşıb.

Mendinin Çempionlar Liqasının 1/8 finalının Madrid “Atletiko”su ilə cavab oyununda (ilk oyun 1:0; cavab oyunu 0:1, penaltilərlə 4:2) zədələndiyi bildirilir.

Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.

Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mendi “Real” üçün 30 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 200 oyun, 6 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.