Fransanın “Olimpik” (Lion) klubu heyətini iki yeni futbolçu – qapıçı Remi Deşam və dayaq yarımmüdafiəçisi Tanner Tessmanla gücləndirib.
Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Deşam “Nant”dan azad agent kimi “Olimpik”ə keçib. 28 yaşlı fransalı qolkiper yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
PSJ-nin yetirməsi olan Remi Deşam, karyerası ərzində “Tur”, “Klermon”, “Şarlerua” kimi klublarda da oynayıb. O, 2021-ci ildən “Nant”ın uğurları üçün çalışırdı.
Tanner Tessmann isə İtaliyanın “Venesiya” klubundan 6 milyon avroya transfer olunub. Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Alabama” və “Dallas” klublarının yetirməsi olan Tesmann, “Nort Texas”da da oynayıb. O, “Venesiya”ya 2021-ci ilin iyul ayında 3,64 milyon avro müqabilində keçmişdi. Tanner 20201-ci ilin fevralında debüt etdiyi ABŞ yığmasının heyətində 2 oyun keçirib.
Lion “Olimpik”i öz oyunçularından Məhəmməd Əl-Aruşla da yollarını ayırıb. 20 yaşlı fransalı futbolçu azad agent kimi “Botafoqo”ya keçib. Əslən Mərakeşdən olan mərkəz yarımmüdafiəçisi Braziliya klubu ilə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb.
“Olimpik”in hücumçusu Amin Sarr da “Verona”ya keçib. İtaliya klubu 23 yaşlı forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Əslən Seneqaldan olan Sarr, İsveçdə dünyaya göz açdığı üçün futbola da bu ölkənin klublarında başlayıb. Hücumçunun ilk peşəkar komandası “Malmö” olub. Daha sonra o, “Myallbu”, “Herenven” kimi komandalarda çıxış edib. 2023-cü ildə Lion “Olimpik”inə cəlb olunan futbolçu bu komandada 18 oyuna 1 qol və 1 assistlə yadda qalıb. Ötən mövsüm o, Almaniyanın “Volfsburq” klubunda da icarədə olub.
Amin Sarr İsveçin U-19 və U-21 yığmalarında oynasa da, əsas milliyə cəlb olunmayıb.


