Fransa çempionu PSJ-nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Renato Sançes “Panatinaikos” ilə icarə müqaviləsi imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.
Portuqal futbolçu yeni klubu ilə 1 illik anlaşıb. Yarımmüdafiəçi 2025/2026-cı illər mövsümünün sonunadək “Panatinaikos”da çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Renato Sançes PSJ-yə 2022-ci ilin avqust ayında Fransanın digər klubu “Lill”dən 15 milyon avro qarşılığında keçib. 25 yaşlı futbolçu Paris təmsilçisində 27 oyun keçirib, 2 qola imza atıb. O, daha öncə “Bayern”, “Benfika”, “Suonsi Siti” kimi klubların da formasını geyinib. PSJ-yə gəldikdən sonra isə futbolçu bir mövsüm “Roma”da, ötən mövsüm də keçmiş klubu “Benfika”da icarədə çıxış edib.
Renato 2016-cı ildə debüt etdiyi Portuqaliya millisində 32 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


