İsveçrə millisinin və İtaliyanın “Torino” klubunun sol cinah müdafiəçisi Rikardo Rodriqes bundan sonra “Betis”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
31 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub və 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
İsveçrənin “Sürix” klubunun yetirməsi olan Rikardo Rodriqes karyerası ərzində “Volfsburq”, “Milan”, PSV kimi klubların da şərəfini qoruyub. O, 2020-ci ildən formasını geyindiyi “Torino”da 129 oyuna 1 qol vurub, 3 assist müəllifi olub.
Rikardo İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2011-ci ilin oktyabr ayında əsas millidə debüt etmiş təcrübəli futbolçu 120 oyuna 9 qola imza atıb, 11 məhsuldar ötürmə verib.
“Torino” rumıniyalı qapıçısı Miha Popanı da ÇFR (Kluj) klubuna icarəyə verib. 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi ölkəsində icarədə çıxış edəcək. 2023-cü ilin yayında “Torino”ya keçmiş qolkiper bu komandada hələ debüt etməyib.
Rikardo Rodriqesi heyətinə qatmış “Betis” də argentinalı mərkəz müdafiəçisi Xerman Petsellanı “River Pleyt”ə satıb. İspaniya klubu bu satışdan 4,5 milyon avro qazanıb. 33 yaşlı futbolçu Argentina klubu ilə 2027-ci ilin 31 dekabrına kimi anlaşıb. 2015-ci ildən “Betis”də çıxış edən futbolçu bu komandada 179 oyuna 6 qol vurub, 1 assistlə yadda qalıb.
“Betis” hücumçusu Borxa İqlesiası da “Selta”ya icarəyə verib. 31 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Betis”də 181 oyuna 52 qol vurub, 12 məhsuldar ötürmə etmiş futbolçu, İspaniya yığmasında da 2 oyun keçirib.
“Selta”nın dayaq yarımmüdafiəçisi Renato Tapia isə bu klubu tərk edərək “Leqanes”ə keçib. Peru yığmasının da üzvü olan 29 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, “Selta”da 120 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


