Futbol üzrə İtaliya milli komandasının və “Bolonya” klubunun mərkəz müdafiəçisi Rikkardo Kalafyori bundan sonra “Arsenal”da oynayacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Bu yay “Yuventus”, “Bayer”, “Çelsi”, Madrid “Atletiko”su və “Bayern” kimi klubların da heyətinə qatmaq istədiyi Kalafyori yekunda məhz London təmsilçisinin təklifini qəbul edib. “Arsenal” bu transfer üçün “Bolonya”ya 45 milyon avro ödəyib. 22 yaşlı müdafiəçi “topçular”la 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb. O, yeni komandasının heyətində 33 nömrəli forma ilə oynayacaq.
Xatırladaq ki, Rikkardo Kalafyori 2023-cü ilin avqust ayından “Bolonya”da çıxış edirdi. Gənc müdafiəçi bu komandanın heyətində keçirdiyi 33 oyunda 2 qol vurub, 5 assist müəllifi olub. “Roma”nın yetirməsi olan futbolçu “Bazel” və “Cenoa” kimi klubların da formasını geyinib.
İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Kalafyori bu ildən əsas millidə forma geyinir. Rikkardo əsas millidə 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

