Rivaldo Antonini “Mançester Yunayted”i tərk etməyə səslədi

Braziliya millisinin sabiq hücumçusu Rivaldo “Mançester Yunayted”in sağ vingeri Antoninin bu komandanın heyətindəki çıxışından danışıb.

Arena.az xəbər verir ki, əfsanəvi futbolçu həmyerlisini İngiltərə klubundan ayrılmağa səsləyib:

“Antoni, hazırda uzun müddətdir çətin günlər keçirən klubda oynayır. Ona görə də məncə, İngiltərədən ayrılmaq onun üçün yaxşı ola bilər. Bacarıqları və göstərə biləcəyi oyunla düşünürəm ki, o, istənilən böyük komandaya, məsələn, İspaniyaya çox yaxşı uyğunlaşacaq”, deyə Rivaldo vurğulayıb.

Xatırladaq ki, Antoni “San-Paulo”nun yetirməsidir. Hücumçu 2022-ci ildə “Ayaks”dan 95 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçib. O, geridə qalmış 2023/2024 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 38 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Antoninin Premyer Liqa nəhəngindəki ümumi karyerası 82 oyun, 11 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Antoni 2023-cü ildə komandası ilə İngiltərə Liqa Kubokunu qazanıb.

Braziliyalı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Vinger Brazliya millisi ilə 2020 Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: