“Rizəspor” iki müdafiəçi gətirdi, hücumçusu ilə vidalaşdı

Bu mövsüm yenidən Türkiyə Super Liqasında mübarizə aparacaq “Rizəspor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Rizə təmsilçisi “Somaspor”dan mərkəz müdafiəçisi Mustafa Şəngül ilə sağ cinah müdafiəçisi Eray Korkmazı transfer edib.

24 yaşlı Mustafa ilə 2+1, 20 yaşlı Erayla 3+1 illik müqavilə imzalanıb. Rizəlilərin bu iki transfer üçün “Somaspor”a təzminat ödəyib-ödəmədiyi açıqlanmır.

2018-ci ildən “Somaspor”da çıxış edən Mustafa Şəngül bu komandada 104 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Beşiktaş”ın yetirməsi olan Eray Korkmaz isə ötən ilin yanvarından formasını geyindiyi aşağı liqa klubunda 48 matça çıxıb, 1 assist edib.

“Rizəspor” hücumçusu Kubilay Kanatsızkuşla da yollarını ayırıb. 26 yaşlı futbolçu 2022-ci ilin yanvarından formasını geyindiyi Rizə təmsilçisində 38 oyuna 5 qol vurub, 5 məsuldar ötürmə müəllifi olub. “Buraspor”, “Yeni Malatyaspor” və “Ankaragücü” kimi klublarda da forma geyinmiş hücumçu bundan sonra “Göztəpə”də çıxış edəcək. O, İzmir təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: