Türkiyə Super Liqasında mübarizə aparan “Rizəspor” klubu heyətini iki yeni futbolçu – Ozan İsmail Koç və Canberk Yurdakulla gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu “Bursaspor”dan heyətə cəlb olunub. 23 yarımmüdafiəçi Ozan İsmail Koç və 22 yaşlı qapıçı Canberk Yurdakul 3,5 illik müqaviləyə imza atıblar. Super Liqa bu oyunçuları azad agent kimi heyətinə qatıb və Bursa klubuna hər hansı təzminat ödəməyib.

Qeyd edək ki, həm Ozan İsmail Koç, həm də Canberk Yurdakul “Bursaspor”un yetirməsidir. Ozan icarə əsasında “Turqutluspor” və “İsparta 32 Spor” klublarında da forma geyinib. O, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Canberk isə bir müddət Şimali Makedoniyanın “Şkupi” klubunda icarədə olub. O da Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının formasını geyinib.

“Rizəspor” mərkəz müdafiəçisi Sinan Osmanoğlu ilə də yollarını ayırıb. 34 yaşlı futbolçu azad agent kimi Birinci Liqa klubu “Manisa”ya keçib. O, yeni klubu ilə 2025-ci ilin yayına kimi müqavilə bağlayıb.
Osmanoğlu 2023-cü ilin yanvarında “Ankaragücü” klubundan azad agent kimi Rizə klubuna keçmişdi. O, Rizə təmsilçisinin heyətində 18 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Sinan karyerası ərzində “Altınordu”, “Ankaragücü”, “Bayrampaşa”, “Qazişehir Qaziantep” kimi klublarda da forma geyinib, Türkiyənin U-18 və U-19 yığmalarında oynayıb.
Yeri gəlmişkən, Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkının bu qış müqavilə bağladığı “Manisa” klubu digər Super Liqa təmsilçisi “Ankaragücü” ilə vidalaşan Andrey Dokanoviçi də heyətinə qatıb. Bosniya və Heseqovinadan olan dayaq yarımmüdafiəçisi bu mövsümün sonuna kimi icarədə oynayacaq. “Sarayevo”nun yetirməsi olan Dokanoviç Ankara klubuna 2023-cü ilin yanvarında qoşulsa da, bu komandada cəmi 31 oyun keçirib. O, Bosniya və Herseqovina yığmasında da 2 oyun keçirib.


