Polşalı futbolçu Robert Levandovski İspaniyanın “Barselona” komandasının heyətində vurduğu qolların sayına görə Neymara çatıb.
Arena.az xəbər verir ki, 37 yaşlı hücumçu buna İspaniya La Liqasının 6-cı turunda, “Real Ovyedo”ya qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Təcrübəli forvard Kataloniya təmsilçisinin heyətində 105-ci qoluna imza ataraq hazırkı ölkə çempionunun sabiq üzvü Neymarın nailiyyətini təkrarlayıb.
Xatırladaq ki, “Barselona” tarixinin ən çox qol vurmuş futbolçusu Lionel Messidir. Hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edən argentinalı ulduz vaxtilə Kataloniya təmsilçisinin heyətində 778 oyuna 672 qol vurub.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 6 oyuna çıxıb, 3 qol vurub.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 153 oyun, 105 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 160 oyun keçirib, 86 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


