Roberto Levandovski “Çikaqo Fayr”da qol hesabını açdı

Futbol üzrə Polşa yığma komandasının mərkəz hücumçusu Robert Levandovski ABŞ klubu “Çikaqo Fayr”ın heyətində ilk qollarını vurub.

Arena.az xəbər verir ki, MLS-in müntəzəm çempionatının bu gün keçirilmiş oyununda “Çikaqo Fayr” doğma meydanda “Şarlott”u 2:1 hesabı ilə məğlub edib.

“Soldier Field” stadionunda təşkil edilmiş qarşılaşmada hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. “Şarlott”un yarımmüdafiəçisi Pep Biel İdan Tolkmatinin ötürməsindən sonra cərimə meydançasının sağ kənarından dəqiq zərbə ilə topu uzaq küncə göndərib.

“Çikaqo Fayr” cəmi iki dəqiqə sonra cavab verib. 20-ci dəqiqədə Robert Levandovski hesabı bərabərləşdirib. Filip Zinkernagelin iştirakı ilə qurulan hücumun ardından polşalı forvard cərimə meydançasından kənarda topu qəbul edərək güclü zərbə ilə aşağı küncü dəqiq nişan alıb. Bu, Levandovskinin “Çikaqo Fayr” və MLS-də ilk qolu olub.

İkinci hissədə meydan sahibləri təzyiqi artırıblar. 68-ci dəqiqədə Levandovski dublunu rəsmiləşdirib. Endryu Qutman və Robin Lodun təşkil etdiyi əks-hücum zamanı polşalı hücumçu cərimə meydançasında ötürməni qəbul edib, topu nəzarətə götürərək qapıçı Kristian Kalinanı məyus edib.

Bu qol “Çikaqo Fayr”a əzmkar qələbə qazandırıb – 2:1.

37 yaşlı Robert Levandovski üçün bu matç komandanın doğma meydandakı debütü olub. O, iyulun 13-də “Çikaqo Fayr”a qoşulub. Klub polşalı hücumçunun transferini iyunun sonunda rəsmən açıqlamışdı. Levandovski “Barselona” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda MLS klubuna keçib.

“Şarlott”la oyuna qədər Levandovski üç matçda iştirak etmişdi. O, “İnter Mayami”yə qarşı görüşdə start heyətində meydana çıxıb və komandası 2:3 hesabı ilə məğlub olub. Digər oyunlarda isə sonradan meydana daxil olub. Lakin həmin qarşılaşmalarda qol vura bilməmişdi.

Levandovskinin “Çikaqo Fayr”la müqaviləsi 2027/28 mövsümünün sonunadək nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: