Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi oldu! – Rəsmi

Roberto Mançini İtaliya Futbol Federasiyası (FIGC) rəhbərliyinin qərarı ilə yenidən İtaliya milli komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

61 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Bu, Mançininin İtaliya millisindəki ikinci dönəmidir. O, 2018–2023-cü illərdə də İtaliya millisini çalışdırıb və komandanı AÇ-2020-nin qalibi edib.

Roberto Mançini bu vəzifədə Cennaro Qattuzonu əvəzləyib. Qattuzonun rəhbərliyi altında İtaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsini uğursuz başa vuraraq mundialın final mərhələsinə vəsiqə qazana bilməmişdi.

Mançini ötən mövsüm Qətərin “Əl-Sədd” komandasına rəhbərlik edib. O, məşqçilik karyerası ərzində “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” (Sankt-Peterburq) komandalarını da çalışdırıb, həmşinin Səudiyyə Ərəbistanı yığmasında baş məşqçilik edib.

Digər məlumata görə, bu ölkənin digər təcrübəli məşqçisi Klaudio Ranyeri də İtaliya Futbol Federasiyasının texniki direktoru təyin olunacaq.

Bu vəzifə iyulun 27-də Paolo Maldininin istefasından sonra boş qalmışdı. Həmin vaxt texniki direktorun müşaviri vəzifəsindən Leonardo da ayrılmışdı.

74 yaşlı Ranyeri son olaraq 2024/25 mövsümündə “Roma”nın baş məşqçisi olub və mövsümün sonunda postunu tərk edib. O, daha əvvəl də iki fərqli dövrdə Roma klubunu çalışdırıb.

Təcrübəli italiyalı mütəxəssis karyerası ərzində “Napoli”, “Fiorentina”, “Yuventus”, “İnter”, “Parma”, “Sampdoriya”, “Valensiya”, “Atletiko”, “Çelsi”, “Fulhem”, “Uotford”, “Lester Siti”, “Nant”, “Monako” və Yunanıstan millisində də işləyib.

Xatırladaq ki, iyun ayında Ranyeriyə də İtaliya millisinin baş məşqçisi postu təklif olunsa da, o, bu təklifdən imtina edərək “Roma” rəhbərliyində fəaliyyətini davam etdirməyə üstünlük vermişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: