Robinyo həbsxanada bu imkanlara malik olacaq

Dəstə halında zorlamada təqsiri sübuta yetirilərək 9 il həbs cəzasına məhkum edilmiş braziliyalı hücumçu Robinyo ilə bağlı yeni xəbər var.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, Robinyonun həbsxana şəraiti və oradakı məşğuliyyəti məlum olub.

Mənbənin məlumatına görə, keçmiş hücumçu digər məhbuslarla birlikdə yerli futbol çempionatında iştirak etmək imkanı qazanacaq. O, həmçinin digər məhbuslarla qarşılıqlı əlaqələrin yaxşılaşdırılması proqramı çərçivəsində həbsxana bağçasına da qulluq edə biləcək. Robinyonun cəza çəkdiyi həbsxana kompleksinin futbol meydançaları ilə yanaşı, kitabxana və şahmat oynamaq üçün nəzərdə tutulmuş otaqla təchiz edildiyi vurğulanır.

Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, futbolçu və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir edib və müştərək zorlayıblar.

Daha əvvəl Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs vermişdi. Məhz bu qərardan sonra Robinyo Braziliyanın hüquq-mühafizə orqanları tərəfindən həbsə alınmışdı.

Vurğulayaq ki, Robinyonun özü bu işdə özünü təqsirli bilmir. Ötənlərin məşhur ulduzu günahsızlığını sübuta yetirmək üçün əlində sübutlar olduğunu bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: