Rodri: “Futbolçular oyun təqviminin sıxlığı ilə bağlı tətilə yaxındırlar”

“Mançester Siti”nin və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodri oyun təqviminin ifrat sıxlığı ilə bağlı növbəti dəfə şikayətlənib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, ispan futbolçu müvafiq halla bağlı futbolçuların tətil tədbiri keçirməyə qadir olması ilə bağlı sualı da cavablayıb:

“Bəli, düşünürəm ki, biz buna yaxınıq. Bunu başa düşmək asandır. Əgər siz bu haqda hansısa başqa futbolçudan soruşsanız, o da sizə eyni cavabı verəcək. Bu, təkcə mənim fikrim deyil. Düşünürəm ki, bu, futbolçuların ümumi mövqeyidir. Belə davam edərsə, elə bir vaxt gələcək ki, oyunçuların başqa seçimi qalmayacaq. Bilmirəm nə olacaq, amma biz bundan narahatıq, çünki biz təqvimə görə əziyyət çəkən insanlarıq.

Düşünürəm ki, bu, həddindən artıqdır. Kimsə bizimlə maraqlanmalıdır, çünki biz bu idmanın və ya biznesin baş qəhrəmanlarıyıq, necə adlandırmaq istəsəniz, bunu elə də, adlandırın”, deyə Rodri bildirib.

Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu futbol adamları – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər. Həmçinin “Liverpul”un braziliyalı qapıçısı Alison Beker də oyun təqviminin tərtibatı zamanı futbolçuların fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdı.

Xatırladaq ki, 2024/2025-cü illər mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək. Oyun təqviminin sıxlığı isə futbolçuların yorğunluğuna yol açır, bu isə öz növbəsində qaçılmaz olan ağır zədələrlə nəticələnir.

Xəbəri sosial şəbəkələrdə paylaş: