“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri hesab edir ki, ötən il aldığı ağır zədə onun futbolçu karyerasının müddətini uzada bilər.
Arena.az ispaniyalı futbolçunun müvafiq qənaətini təqdim edir:
“Fikrimcə, bu zədə mənim idman karyeramın müddətini uzadacaq, çünki mənə xoş gəlib-gəlməməsindən asılı olmayaraq, artıq bir ildir ki, ayaqlarıma və bədənimə istirahət verirəm… Aydındır ki, kimsə belə zədə almağı istəməz, amma bunda müsbət cəhət də var”, deyə Rodri nikbinliklə vurğulayıb.
Rodrinin “Qızıl top”a əsas namizədləri
“Qızıl top”un cari sahibi olan 29 yaşlı dayaq yarımmüdafiəçisi müvafiq mükafata 2025-ci ildə kimi layiq gördüyünü də açıqlayıb:
“Qızıl top”la bağlı məsələ mürəkkəbdir. Əlaqələrimə görə, Lamin (Yamal) və ya Pedriyə üstünlük verərdim, amma idman xidmətlərinə gəlincə, bu, Usman (Dembele) və ya Vintinya ola bilərlər”, deyə Rodri vurğulayıb.
Xatırladaq ki, Rodri son bir ildə dizin çarpaz bağ zədəsi kimi çox ağır zədədən müalicə alıb.
Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2025/2026-cı illər mövsümündə Rodri “şəhərlilər” üçün 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 267 oyuna çıxıb, 26 qol və 32 məhsuldar ötürmə müəllifi olub.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. İspan futbolçu həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib. Rodri 2024-cü il “Qızıl top”un qalibidir.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 58 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


