“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri “Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldonu cavablayıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, söhbət Ronaldonun, 2024-cü il “Qızıl top” mükafatına Rodrinin deyil, “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun layiq olduğu haqda səsləndirdiyi fikirdən gedir.
“Yaxşı, düzünü desəm, bu, gözlənilməzdir, çünki o, bu mükafatın necə işlədiyini və qalibin necə seçildiyini hamıdan yaxşı bilir. Səsvermədə iştirak etmiş jurnalistlər belə qərara gəldilər ki, bu mükafatı mən almalıyam. Həmin jurnalistlər yəqin ki, nə vaxtsa ona da səs veriblər və məncə, o vaxt o, onlarla razılaşıb”, deyə ispan futbolçu bildirib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında keçirilmiş səsvermədə Rodri futbol ictimaiyyətinin böyük təəccübünə rəğmən, səsvermədə Vinisius Junioru gözlənimədən qabaqlayraq, “Qızıl top”u alıb. Bu məqam futbol dünyasını iki cəbhəyə bölüb: bir qisim Rodrinin qələbəsində təəccüblü və gözlənilməz məqamların olmadığı qənaətindədir, digər qisim isə səsvermədə ədalətsiz və nəticəyə təsir etmiş yolverilməz pərdəarxası məqamların olduğunu iddia edir.
Rodriqo “Rodri” Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Rodriqo hazırda zədəlidir və bərpa mərhələsindən keçir.