Rodri “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirdi

İspaniya yığmasının və “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri “Qızıl top”u qazanıb-qazanmayacağı ilə bağlı sualı cavablayıb.

Arena.az “City Xtra” dərgisinə istinadən, ispan futbolçunun bu barədə cavabını təqdim edir:

“Həqiqət budur ki, mənim üçün fərqi yoxdur. Sadəcə, bütün diqqətimi Avropa çempionatını qazanmağa yönəltmişəm. Artıq demişəm ki, futbola fərdi töhfələri başqalarının qiymətləndirməsinə üstünlük verirəm. Mən komanda qənimətlərini qazanmaq məqsədi ilə buradayam (AÇ-2024-də – redaktorun qeydi)”, deyə Rodri bildirib.

Xatırladaq ki, Rodri 2023-cü ildə “Qızıl top” üçün səsvermədə 5-ci yeri tutmuşdu.

Hazırda Rodri Alamaniyada keçirilən 2024-cü il Avropa çempionatında iştirak edir və İspaniya yığması ilə finala yüksəlib, burada isə İngiltərə yığması ilə qarşılaşacaq.

Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 55 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: