İspaniyanın “Betis” klubunun vingeri Rodri Sançes La Liqa təmsilçisindən ayrılaraq Qətərin “Əl-Ərəbi” klubuna keçib.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Qətər klubu 24 yaşlı ispan futbolçunu 8 milyon avro müqabilində heyətinə qatıb. Tərəflər 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıblar.
Rodri Sançes uşaq və yeniyetməlik dövründə “Atletiko”, “Espanyol”, “Barselona”, “Deportivo” kimi klublarda çıxış edib. Peşəkar karyerasına “Betis”də başlamış yarımmüdafiəçi bu klubun əsas komandasında 127 oyun keçirib. O, bu oyunlarda 8 qol vurub, 15 məhsuldar ötürmə verib.
Sançes İspaniyanın U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


