Rodri yenidən zədələndi – Millinin oyunlarını buraxacaq

Futbol üzrə İspaniya milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun dayaq yarımmüdafiəçisi Rodri yenidən zədələnib.

Arena.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Britaniya mətbuatına açıqlamasında məlumat verib.

O, ispan futbolçunun İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşdıqları “Brentford”la matçında zədə aldığını və 2-3 həftə oynamayacağını bildirib. Yarımmüdafiəçi səfərdə 1:0 hesablı qələbəyə sevindikləri bu görüşün 22-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

Təcrübəli futbolçu zədə səbəbindən İspaniya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Gürcüstan və Bolqarıstana qarşı keçirəcəyi oyunları buraxacaq.

İspaniya millisi oktyabrın 11-də Gürcüstan, üç gün sonra isə Bolqarıstan yığma komandasını qəbul edəcək.

Xatırladaq ki, Rodri son bir ildə dizin çarpaz bağ zədəsi kimi çox ağır zədədən müalicə alıb.

Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra o, “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Rodri “şəhərlilər” üçün 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 272 oyuna çıxıb, 26 qol və 32 məhsuldar ötürmə müəllifi olub.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. İspan futbolçu həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib. Rodri 2024-cü il “Qızıl top”un qalibidir.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 58 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: