Futbol üzrə İran yığmasının və İtaliyanın “Roma” klubunun hücumçusu Sərdar Azmun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu A Seriyasının 15-ci turu çərçivəsində baş tutan “Fiorentina” ilə ev oyununda (1:1) zədələnib.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. O, 25-ci dəqiqədə zədəli Paulo Dibalanı əvəzləyib. Lakin 62-ci dəqiqədə Əzmun özü də meydanı tərk etmək məcburiyyətində qalıb. İranlı futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalmaq riski var.
Sərdar Əzmun “Roma”ya “Bayer”dən 1 illik icarəyə gəlib. “Canavarlar” iranlı futbolçunu daimi əsasda tamhüquqlu transfer etmək istəsələr, Almaniya klubuna 12 milyon avro ödəməlidirlər.
Sərdar Əzmunun yeniyetməlik karyerası İran klublarında keçib. Onun böyük futbolda debütü isə Rusiyanın “Rubin” (Kazan) klubu ilə bağlıdır. Daha sonra Əzmun “Rostov”da icarədə oynayıb və tamhüquqlu əsasda ora transfer edilib. Ardından yenidən “Rubin”ə qayıdıb, daha sonra isə Sankt-Peterburq “Zenit”inə keçib. 2022-ci ildə Əzmun karyerasını daha yüksək səviyyədə davam etditmək imkanı qazanıb və Leverkuzen “Bayer”inə keçib.
Əzmunun futbolçu karyerasında uğurları Sankt-Peterburq “Zenit”ində çıxış etdiyi dövrə təsadüf edir. “Zenit”in heyətində o, 4 dəfə Rusiya çempionu, 1 dəfə Rusiya Kubokunun, və 1 dəfə Rusiya Super Kubokunun qalibi olub.
Cari mövsümdə Əzmun “Roma”nın heyətində 10 oyuna çıxıb, 1 qol vurub.
Əzmun 2014-cü ilin may ayında 19 yaşında debüt etdiyi İran yığmasında 75 oyun keçirib, 49 qol vurub, 10 məhsuldar ötürmə verib.
Türkmənəsilli hücumçu İran futbol tarixində Əlirza Cahanbəxşdən sonra ikinci ən bahalı futbolçudur. Əzmun UEFA Çempionlar Liqasında qol vurmağı bacarmış ən gənc iranlı futbolçudur.
“Transfermarkt” internet-portalı 28 yaşlı Sərdar Əzmunu 12 milyon avro məbləğində qiymətləndirir.
“Roma” 15 turdan sonra 25 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


