Məşhur jurnalist-insayder Fabritsio Romano “Real”ın prezidenti Florentino Peresin “Bayer”in baş məşqçisi Xabi Alonsoya rəğbətindən danışıb.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə özünün “The Here We GO Podcast” podkastında söhbət açıb:
“Real”da Xabi Alonsonun böyük bir tərəfdarı var – Florentino Peres. İlk gündən ona aşiq idi, hətta futbolçu olanda belə, üslubuna, indiki və gələcəklə bağlı fikirlərinə görə.
O, həmişə klubda sevimli oyunçularından və insanlarından biri olub və bu hiss davam edir. Peres, Alonsonun “Real”ın baş məşqçisi olmaq üçün gərək olan hər şeyə sahib olduğuna inanır.
Xabi çox ağıllı insandır. O, Ançelottinin əfsanəvi məşqçi olduğunu bilir və ona böyük hörmət bəsləyir, amma “Real”da hər il yeni bir hekayə olur. O, bilir ki, gələn yay klubda vəziyyət dəyişə bilər”, deyə Romano vurğulayıb.
Daha əvvəl, Xabi Alonsonun cari mövsümün sonunda “Bayer”dən ayrılmayacağı və klubda fəaliyyətini davam etdirəcəyi haqda məlumat yayılıb. Bəzi mənbələr bu xəbəri ispaniyalı mütəxəssisin gələcəkdə birbaşa “Real”a keçməsi üçün səbrli addımı kimi qiymətləndirirlər.


