“Roma”nın belçikalı mərkəz hücumçusu Romelu Lukaku komandanın baş məşqçisi Joze Mourinyo ilə münasibətindən danışıb.
Arena.az “Football Italia”ya istinadən Lukakunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bəli, bizim möhkəm qarşılıqlı anlaşmamız var, məşqçi məni çox yaxşı tanıyır. Özümü “Roma”nın ixtiyarına verməliyəm və ilk gündən mənə kömək etdikləri üçün komanda yoldaşlarıma da təşəkkür etmək istəyirəm. Komanda – ən vacibidir. Biz çətin vəziyyətdəyik, bunu hamımız bilirik və həm məşqdə, həm də oyun vəziyyətlərində tərəqqi etməliyik. Mən bütünlüklə qol vurmağa və ya məhsuldar ötürmə etməyə köklənmişəm. Komanda yoldaşlarımla əlaqə günbəgün daha da möhkəmlənir”, deyə Lukaku bildirib.
Vurğulayaq ki, “Roma” A Seriyasında mövsümə uğursuz başlayıb. “Canavarlar” 7 turdan sonra 8 xalla 12-ci pillədə qərarlaşıblar.
Xatırladaq ki, Romelu Lukaku “Roma”da icarə əsasında çıxış edir. “Canavarlar” belçikalı hücumçunun xidmətinə dair, futbolçunun transfer hüquqlarının sahibi “Çelsi” ilə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıblar.
Geridə qalmış 2022/2023 mövsümünü Lukaku “İnter”də icarə əsasında keçirib. Belçikalı hücumçu “neradzurrinin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
Cari mövsümdə Lukaku “Roma”nın heyətində 6 oyunda 4 qol vurub.
Hücumçu hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 110 oyun keçirib, 77 qol vurub, 16 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.



